“Gürcüstan nümayəndə heyəti ilə müxtəlif formatlarda görüşlər keçiriləcək”-ŞƏRH
Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Bakıda keçirilən WUF13 forumunun ölkəsi üçün mühüm platforma olduğunu bildirib. O qeyd edib ki, tədbir Gürcüstanın mövqeyinin təqdim olunması və beynəlxalq tərəfdaşlarla görüşlərin keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, WUF13 hazırda dünyanın diqqət mərkəzində olan beynəlxalq tədbirlərdən biridir və forum çərçivəsində çoxsaylı rəsmi görüşlərin keçirilməsi region ölkələri üçün yeni imkanlar yaradır:
“Azərbaycan və Gürcüstan regionda ən stabil və strateji münasibətlərə malik ölkələrdəndir. İki ölkə arasında bu günə qədər ciddi siyasi problem yaşanmayıb və münasibətlər qarşılıqlı maraqlar əsasında inkişaf edib. Xüsusilə TANAP, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars kimi iri layihələr tərəflər arasında əməkdaşlığın nə qədər dərin olduğunu göstərir. Forum çərçivəsində Gürcüstan nümayəndə heyəti ilə iqtisadiyyat, təhsil, sosial sahə və regional layihələrlə bağlı müxtəlif formatlarda görüşlər keçiriləcək”.
Politoloq qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin çoxşaxəli xarakter daşıması təmasların intensivliyini daha da vacib edir:
“Hazırda Azərbaycan-Gürcüstan münasibətləri tarixin ən yaxşı dövrünü yaşayır. Hər iki tərəf regional layihələrin genişləndirilməsində və nəqliyyat-kommunikasiya imkanlarının artırılmasında maraqlıdır. Bu baxımdan forum çərçivəsində aparılan müzakirələr gələcək əməkdaşlıq perspektivləri üçün də mühüm əhəmiyyət daşıyır. Eyni zamanda sərhəd və nəqliyyat məsələləri ilə bağlı müəyyən məhdudiyyətlərin yumşaldılması istiqamətində də yeni müzakirələrin aparılması mümkündür”.
Ayşə Müzəfərli