00:00:00
Yazar
Güllər Gülhüseynova
04.08.2026 19:55 29 2 dəq oxuma
Siyasət

Gürcüstanda hakimiyyət-müxalifət qarşıdurması daha da dərinləşir

Gürcüstanda hakimiyyət-müxalifət qarşıdurması daha da dərinləşir

“Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyası kollektiv şəkildə ölkənin siyasi sisteminin tərkib hissəsi olmamalıdır, əks halda, siyasi sistem sağlam şəkildə inkişaf edə bilməz”.

 

Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu gün Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının həyata keçirdiyi siyasət ölkədə ciddi siyasi gərginlik və qarşıdurma yaradıb:

 

“ Hakimiyyətlə müxalifət arasında münasibətlər son dərəcə gərgindir. İstər parlament, istərsə də bələdiyyə seçkiləri demək olar ki, hər dəfə ciddi siyasi mübarizə və qarşıdurma şəraitində keçirilir. Müxalifət seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edir, hakimiyyət isə bu ittihamları qəti şəkildə rədd edir. Belə bir şəraitdə ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat partiyasının siyasi sistemin tərkib hissəsi olmamalı olduğu barədə baş nazirin açıqlaması siyasi kompromis və siyasi mədəniyyət baxımından narahatedici yanaşmadır. Demokratik ölkələrdə partiyalar arasında rəqabət və sərt siyasi mübarizə normal hesab olunsa da, müxalif qüvvələrin siyasi proseslərdən kənarlaşdırılması, sıxışdırılması və legitim siyasi aktor kimi qəbul edilməməsi demokratik prinsiplərlə uzlaşmır”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, son dövrlərdə Gürcüstan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində ölkənin Qərb dövlətləri ilə münasibətləri də xeyli soyuyub:

 

“Xüsusilə Avropa və ABŞ ilə münasibətlər əvvəlki səviyyədə deyil. Rəsmi Tbilisi Rusiya ilə xüsusi əməkdaşlıq etmədiyini bəyan etsə də, beynəlxalq ictimaiyyətdə belə bir təsəvvür formalaşıb ki, Gürcüstan hakimiyyəti müəyyən mənada Rusiyanın təsiri altında fəaliyyət göstərir. Bu səbəbdən də bir sıra Qərb ölkələri Gürcüstanın bəzi yüksək vəzifəli rəsmilərinə qarşı viza məhdudiyyətləri və digər sanksiya xarakterli tədbirlər tətbiq ediblər. Hazırkı mərhələdə Gürcüstan hakimiyyəti ilə Qərb, xüsusilə də demokratik institutlar arasında münasibətlər kifayət qədər gərgindir. Bu gərginlik həm beynəlxalq münasibətlərdə, həm də ölkədaxili siyasi proseslərdə, xüsusilə hakimiyyətlə müxalifət arasındakı qarşıdurmada özünü açıq şəkildə göstərir. Bildiyim qədər, gələn il Gürcüstanda növbəti seçkilər keçiriləcək. Artıq bu istiqamətdə hazırlıq prosesi başlayıb. Hakimiyyət də anlayır ki, qarşıdakı seçkilər yenə də ciddi siyasi rəqabət və müxalifətlə qarşıdurma şəraitində keçəcək. Məhz buna görə də indidən səsləndirilən sərt siyasi bəyanatlar və atılan addımların əsas məqsədi müxalifətin imkanlarını məhdudlaşdırmaq, seçkilərdə uğur qazanmasının qarşısını almaq kimi qiymətləndirilə bilər”.

 

Güllər Gülhüseynova

#Kobaxidze #Gürcüstan #siyasət #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər