00:00:00
Yazar
Zəri Bayramlı
09.10.2026 15:52 56 2 dəq oxuma
Siyasət

Hadrutun azad olunmasından 6 il ötür - Şuşa zəfərinə açılan strateji qapı

Hadrutun azad olunmasından 6 il ötür - Şuşa zəfərinə açılan strateji qapı

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 6 il ötür. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində oktyabrın 9-da Hadrut düşmən tapdağından təmizlənərək şanlı Zəfər tariximizə həkk olunub. Qəsəbənin azad edilməsi 44 günlük müharibənin taleyini həll edən, həm hərbi-strateji, həm də siyasi-psixoloji baxımdan mühüm dönüş nöqtəsinə çevrilib.

 

 

Hadrut əməliyyatının mahiyyəti və onun hərbi-siyasi müstəvidə yaratdığı yeni reallıqlar barədə “İnformator.az”a danışan politoloq Yusif Bağırzadə bildirib ki, Hadrut qəsəbəsinin azad olunması 44 günlük Vətən müharibəsinin taleyini müəyyən edən əsas mərhələlərdən biri olub.

 

 

“2020-ci il oktyabrın 9-da Hadrut qəsəbəsinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Vətən müharibəsinin gedişində mühüm mərhələlərdən biri olub. Hərbi baxımdan Hadrut cənub istiqamətində əməliyyatların davam etdirilməsi, ətraf yüksəkliklərə və yaşayış məntəqələrinə nəzarətin gücləndirilməsi baxımından strateji mövqeyə malikdir. ABŞ-nin Vest-Poynt Hərbi Akademiyasının “Modern War Institute” nəşrində də Hadrutun Cəbrayıl istiqamətindən Qarabağın daxili hissələrinə doğru irəliləyişdə mühüm taktiki və strateji əhəmiyyət daşıdığı xüsusi qeyd olunub”.

 

 

Politoloqun sözlərinə görə, qəsəbənin nəzarətə götürülməsi cənub cəbhəsində əldə olunan uğurları möhkəmləndirməklə yanaşı, Şuşa istiqamətində irəliləmək üçün də strateji zəmin formalaşdırıb:

 

 

“Hadrutun azad edilməsi Azərbaycan Ordusunun əməliyyat təşəbbüsünü əlində saxlamasına və sonrakı hərbi gedişlər üçün əlverişli şərait yaratmasına zəmin yaradıb. Qəsəbənin nəzarətə götürülməsi cənub cəbhəsində əldə olunan uğurların möhkəmləndirilməsi ilə yanaşı, Şuşa istiqamətində irəliləmək üçün də strateji əhəmiyyət kəsb edib. Hadisənin siyasi-psixoloji təsiri də xüsusi diqqətəlayiqdir. Hadrutun azad olunması Azərbaycan cəmiyyətində qələbəyə inamı artırıb, ordunun əməliyyat gücünü nümayiş etdirib və müharibənin gedişinə dair regional baxışları dəyişib. Bu zəfər regional siyasi proseslər kontekstində müharibənin sonrakı mərhələsində qüvvələr balansının Azərbaycanın xeyrinə dəyişməsinə zəmin yaradıb”.

 

 

Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla regionda yeni reallığın yarandığını deyən Yusif Bağırzadə qeyd edib ki, azad olunan torpaqlarda aparılan bərpa işləri hərbi qələbənin mülki inkişafa keçdiyini göstərir:

 

 

“Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması və regionda yeni təhlükəsizlik reallığının formalaşması bu prosesin siyasi nəticələrini müəyyənləşdirib. Sonrakı dövrdə Azərbaycanın azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlaması isə hərbi nəticələrin mülki inkişaf gündəliyinə çevrilməsinin bariz nümunəsidir. Hadrutun azad edilməsinə yalnız bir yaşayış məntəqəsinin nəzarətə götürülməsi kimi baxmaq düzgün olmaz. Bu hadisə hərbi əməliyyatların gedişatına, cəmiyyətin mənəvi ruhuna və müharibənin yekun siyasi nəticələrinə birbaşa təsir göstərən mühüm mərhələ kimi tarixə həkk olunub”. 

 

Zəri Bayramlı

#qapı #yeni #şuşa #hadrutun #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər