Hakan Fidan iranlı həmkarı ilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Müzakirə zamanı Hörmüz boğazının açılması və atəşkəsin davam etdirilməsi ilə bağlı davam edən danışıqlardakı son inkişaflar müzakirə olunub.
Mövzu ilə bağlı siyasi şərhçi “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyənin xarici işlər naziri ilə İranın xarici işlər nazirinin görüşü və danışıqları ənənəvi xarakter daşıyır:
“Qonşu müsəlman ölkələri olaraq və eyni regionun taleyini paylaşdıqlarına görə, bu ölkələr arasında hər zaman diplomatik-siyasi təmasların olmasının heç bir ziyanı yoxdur. İndiki şəraitdə də İran və Türkiyə xarici işlər nazirlərinin Hörmüz boğazının açılması ilə bağlı apardığı danışıqların, şübhə etmirəm ki, xoş niyyətdən irəli gəldiyini düşünürəm. Bu, Türkiyənin hazırkı dövrdə dünyada, xüsusilə Avropanın və Qərbin yanacaq təminatına təsir göstərən Hörmüz boğazının açılmasında maraqlı olduğunu ortaya qoyur. Amma bilmək lazımdır ki, Hörmüz boğazının bağlanmasının və açılmasının Türkiyənin maraqlarına birbaşa hər hansı təsiri yoxdur. Çünki Türkiyə özünün enerji ehtiyaclarını əsasən körfəz ölkələri hesabına deyil, körfəzə aid olmayan ölkələrdən və mənbələrdən ödəyir. Eyni zamanda, bu görüşü Türkiyənin regionda nüfuzunun və mövqeyinin artmasının göstəricisi kimi qəbul etmək də, mənə elə gəlir ki, düzgün olmaz. Çünki Türkiyənin regionda nüfuzunun və mövqeyinin artımını ölçən və müəyyənləşdirən başqa kriteriyalar mövcuddur. Amma bu danışıqların Hörmüz boğazının açılması ilə bağlı fundamental bir dəyişikliyə gətirib çıxaracağını gözləmirəm. Ən azı indiki şəraitdə Hörmüzlə bağlı yaranmış ziddiyyətin tərəflərinin kim olduğu məlumdur. Hörmüzlə bağlı yaranmış ziddiyyətlərdə Türkiyənin hər hansı iştirakı və yaxud təsiri yoxdur. Bu ziddiyyət əsasən Amerika, İsrail və İran arasında cərəyan edən proseslərdən qaynaqlanır”.
Siyasi şərhçi həmçinin bunu da qeyd edib ki, İranla Türkiyənin hazırkı münasibətləri İranı hansısa razılaşmaya inandırmaq və yaxud sövq etmək üzərində qurulmayıb:
“İran və Türkiyə təzəcə “Mərkəz Sazişi” deyilən sazişi imzalayıb. Bu saziş Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanıb. İndiki şəraitdə İranın həmin sazişdən kənarda qalmasından məmnun olmadığı açıq şəkildə görünür. Hətta İranın siyasi dairələrində bu sazişə müəyyən inamsızlıq notları da var. Belə şəraitdə həm həmin sazişin imzalanması, həm də İranın bu sazişə qoşulması üçün Türkiyənin hələlik hər hansı addım atmaması, təbii ki, İranın rəsmi dairələri tərəfindən diqqətlə izlənilir. Bütün bunlardan sonra qənaətim bundan ibarətdir ki, bu cür danışıqlar və təmaslar regionun faydasınadır. Eyni zamanda, bu cür danışıqların rolu və təsiri barədə yalnız obyektiv düşünmək lazımdır. Hazırkı şəraitdə Türkiyə–İran danışıqları və müzakirələri Hörmüz boğazının açılmasında hər hansı bir dəyişikliyə gətirib çıxarmaq gücündə deyil. Amma əlbəttə, biz istəyərdik ki, belə olmasın. Lakin bizim istəyimizdən kənarda olan məsələlər də var”.

Güllər Gülhüseynova