Hakan Fidan Qətərin Baş naziri ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.
Görüşün təfərrüatları açıqlanmasa da, Yaxın Şərqdəki gərginlik, Hörmüz boğazındakı vəziyyətin müzakirəsi nəzərdə tutulub.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə və Qətər arasındakı müttəfiqlik münasibətləri regiondakı böhranların qarşısının alınmasında mühüm amildir:
“Türkiyə ilə Qətər strateji tərəfdaşdırlar, müttəfiqdirlər. Uzun illərdir ki, Qətərin təhlükəsizliyində Türkiyə mühüm rol oynayır, eyni zamanda Türkiyənin iqtisadi layihələrində, Türkiyəyə investisiya qoyuluşunda Qətər yaxından iştirak edir. Yəni Türkiyə və Qətər iki dost dövlətdirlər və hazırda Türkiyə Xarici İşlər Nazirinin elə Qətərə səfərində də əsas məsələlər regionda baş verən gərginlik, Amerika-İran savaşı fonunda Qətərin də görə biləcəyi təhlükələrdən, risklərdən Qətəri qorumaqdır.
Türkiyə yenə Qətərin təhlükəsizliyi üçün əlindən gələni edir. Eyni zamanda Türkiyə və Qətər rəhbərliyinin görüşündə Hörmüz boğazının açılması və burdan azad gediş-gəlişin təmin edilməsini hər iki tərəf dəstəkləyiblər. Bundan başqa Türkiyə, Qətər, Pakistan yenidən vasitəçilik fəaliyyətini bərpa edib, Amerika-İran arasında savaşı dayandırmaq istiqamətində məsləhətləşmələr ediblər. Türkiyə regionda yeni bir müharibənin baş verməsində maraqlı deyil. Eyni zamanda Ankara anlayır ki, mümkün hərbi qarşıdurma Körfəz ölkələrinə, o cümlədən Qətərə ciddi zərər vura bilər. Buna görə də gərginliyin mümkün qədər tez aradan qaldırılması Türkiyənin əsas prioritetlərindən biridir. Şübhəsiz ki, Türkiyənin həm İran, həm də ABŞ ilə münasibətləri mövcuddur və ümumilikdə müsbət xarakter daşıyır. Lakin bu əlaqələr təkbaşına tərəflər arasındakı dərin maraq toqquşmalarını aradan qaldırmağa kifayət etmir. Məhz buna görə də Türkiyə region ölkələri, o cümlədən Qətər, Səudiyyə Ərəbistanı və Pakistanla əməkdaşlığı gücləndirməklə gərginliyin azaldılmasına töhfə verməyə çalışır. Bununla yanaşı, Ankara regiondakı müttəfiqlərinin təhlükəsizlik maraqlarının qorunması istiqamətində də fəal diplomatik məsləhətləşmələr aparır və mövcud böhranın aradan qaldırılması üçün mümkün addımları dəyərləndirir. Türkiyə ilə Qətər arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri davam edir. Hazırkı regional böhran fonunda da bu əməkdaşlığın əsas istiqamətlərindən biri sabitliyin qorunması və gərginliyin qarşısının alınmasına yönəlmiş birgə səylərdir”.
Güllər Gülhüseynova