Hakan Fidan:Türkiyə Misirin Məkkə sazişinə qoşulacağına ümid edir
Türkiyə Misirin avqustun 7-də Ankara, Ər-Riyad və İslamabad arasında imzalanmış Məkkə sazişinə qoşulacağına ümid edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Misirin Məkkə Birgə Müdafiə Sazişinə mümkün qoşulması Türkiyə–Misir münasibətlərində son illərdə müşahidə olunan normallaşmanın artıq daha strateji mərhələyə keçməsi demək ola bilər:
“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış saziş kollektiv müdafiə və təhlükəsizlik əməkdaşlığı prinsipinə əsaslanır və üçüncü ölkələrin də qoşulmasına açıqdır. Qahirənin bu mexanizmə daxil olması Ankara ilə münasibətləri yalnız siyasi və iqtisadi tərəfdaşlıq səviyyəsində saxlamayıb, müdafiə, hərbi koordinasiya, kəşfiyyat və regional təhlükəsizlik sahələrində də dərinləşdirə bilər. Xüsusilə Türkiyə və Misirin Şərqi Aralıq dənizi, Liviya, Qəzza və ümumilikdə Yaxın Şərqdə mühüm hərbi-siyasi aktorlar olması belə bir əməkdaşlığın regional çəkisini artırar. Bu baxımdan Hakan Fidanın açıqlaması Ankaranın Misiri formalaşmaqda olan yeni regional təhlükəsizlik arxitekturasının mühüm iştirakçısı kimi görməsinin göstəricisidir”.
Politoloq qeyd edib ki, digər tərəfdən, Misirin qoşulması Məkkə sazişinin regional əhəmiyyətini də ciddi şəkildə yüksəldə bilər.
Türkiyənin NATO üzvü olması, Pakistanın böyük hərbi potensialı və nüvə dövləti statusu, Səudiyyə Ərəbistanının maliyyə və siyasi imkanları fonunda Misirin ərəb dünyasındakı çəkisi və güclü ordusu bu formatı daha təsirli təhlükəsizlik platformasına çevirə bilər. Bununla belə, bu mexanizmin konkret olaraq hansısa dövlətə qarşı blok kimi təqdim edilməməsi vacibdir; tərəflər də sazişin müdafiə xarakterli olduğunu vurğulayırlar. Belə bir çərçivədə Qahirənin iştirakı Türkiyə ilə Misir arasında keçmiş siyasi fikir ayrılıqlarının arxa plana keçməsini sürətləndirərək qarşılıqlı etimadı gücləndirə və iki ölkənin regional böhranlarda daha koordinasiyalı mövqe tutmasına şərait yarada bilər.
Nurgün Qənizadə