“ Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq”
Vaşinqton Sammitindən ötən müddətdə Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb. Bunu Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib. Dövlət başçısı qeyd edib ki, bu müddət ərzində nəqliyyat və daşımalarla bağlı məhdudiyyətlər aradan qaldırılıb, əməkdaşlıq genişləndirilib və ticari münasibətlərin artırılması istiqamətində müzakirələr aparılıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində qeyd etdiyi kimi, Vaşinqton Sammitindən sonra Azərbaycan-Ermənistan münasibətlərində real irəliləyişlər müşahidə olunur:
"İlk növbədə Azərbaycan və Ermənistan qarşılıqlı olaraq yük daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırıblar. Əvvəlcə Azərbaycan Qazaxıstan və Rusiyadan Ermənistana ixrac edilən buğdanın daşınmasına icazə verib. Cavab olaraq Ermənistan Türkiyədən Azərbaycana yük daşımalarına qoyulan qadağanı ləğv edib. Daha sonra Ermənistanda neft məhsulları ilə bağlı problem yarandıqda Azərbaycan İrəvana yardım göstərib. Nəqliyyat və daşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması iki ölkə arasında münasibətlərin yaxınlaşmasına xidmət etdiyi kimi, bütövlükdə regionda ticarətin inkişafına da müsbət təsir göstərir. Ticarət əlaqələrinin genişlənməsi, bir qayda olaraq, siyasi etimadın möhkəmlənməsinə təsir edir. Qərbdə belə bir yanaşma var ki, ticarət etməyənlər müharibə edir. Bu mənada ölkələr arasında ticarət və iqtisadi əməkdaşlıq müharibə ehtimalını azaldan amillərdən biridir".
Reyhan Quliyeva
