"Heç bir ölkə başqa dövlətin suverenliyini təhdid edə bilməz"-AÇIQLAMA
Yaxın Şərqdə gərginliyin yenidən artması fonunda İranın region ölkələrinə ünvanladığı son xəbərdarlıq beynəlxalq diqqət mərkəzinə düşüb. Rəsmi Tehran mümkün hərbi qarşıdurma ssenarisində cavab addımlarının təkcə ABŞ-ni deyil, onun regional müttəfiqlərini də əhatə edə biləcəyini bəyan edib. Bu açıqlama enerji təhlükəsizliyi və Körfəz regionunda sabitliklə bağlı narahatlıqları daha da artırıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki,
ABŞ İrana zərbə vuracaqsa, İranın Körfəz ölkələrinə qarşı bu təhdidi həyata keçirməsi, hesab edirəm ki, beynəlxalq hüququn pozulmasıdır:
" İran qonşu ölkələrin, xüsusilə ərəb ölkələrinin təhlükəsizliyinə və suverenliyinə müsbət yanaşmır, onlara hörmət etmir. Bu da, təbii ki, rəsmi Tehrana qarşı Avropa Birliyi tərəfindən çox ciddi şəkildə mənfi imicin yaranmasına gətirib çıxara bilər. Çünki heç bir ölkə başqa bir ölkənin təhlükəsizliyini və suverenliyini təhdid edə bilməz. Amma təəssüf ki, İran tərəfi bunu edir. Baxmayaraq ki, İrana ABŞ və İsrail hücum edir, amma Körfəz ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, İrana hücum etmir.Təbii ki, ABŞ hücum edəcəksə, İran Səudiyyə Ərəbistanında, İordaniyada və Küveytdə zərbələr vuracaq. Amma düşünürəm ki, əgər müharibə yenidən başlasa, hətta İran tərəfi Bəhreynə və Küveytə quru qüvvələri də çıxara bilər. Amma bu, genişmiqyaslı müharibə deməkdir. Yəni İranın bu təhdidi realdır, baş tuta bilər və İranın belə bir təhdidinin arxasında məhz Çin və Rusiya durur. Onlar da müharibənin genişlənməsində maraqlıdır.
Bir sözlə, Körfəz ölkələrinin təhlükəsizliyi İran tərəfindən hər an təhdid olunur. Onların müstəqilliyi İran tərəfindən daim pozula bilər və düşünürəm ki, ABŞ məhz Körfəz ölkələrinin suverenliyini ciddi şəkildə qorumalıdır".
Mehriban Yariyeva