Hikmət Hacıyev TDT çərçivəsində Budapeşt görüşündə iştirak edib
Macarıstanın dəvəti ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində Budapeştdə dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində görüş keçirilib. Görüşdə Qəbələ Sammitinin nəticələri müzakirə olunub, qlobal çağırışlar fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Hikmət Hacıyev Türk dünyasının Avrasiyada mühüm geosiyasi mövqeyə malik olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, enerji marşrutları, nəqliyyat dəhlizləri və Orta Dəhliz kimi təşəbbüslər TDT-ni regional inteqrasiyanın əsas sütunlarından birinə çevirə bilər:
“Bu kontekstdə TDT-nin rolunun güclənməsi təşkilatın qlobal siyasətdə daha koordinasiyalı mövqe sərgiləməsinə gətirib çıxara bilər. TDT digər regional bloklarla münasibətlərdə təsirli aktora çevrilə bilər. Bu isə TDT-ni yalnız regional deyil, həm də qlobal qərarvermə proseslərində nəzərə alınmalı platformaya yüksəldə bilər. Təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi isə TDT daxilində yeni mərhələnin başlanğıcı ola bilər. Birgə təlimlər və regional risklərə qarşı koordinasiya mexanizmləri üzv ölkələrin sabitliyini möhkəmləndirə bilər. Bu, xüsusilə, terrorizm, transmilli cinayətkarlıq və sərhəd təhlükəsizliyi kimi məsələlərdə effektiv nəticələr verə bilər. Bununla yanaşı, TDT daxilində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi də təşkilatın çəkisini artıran əsas amillərdən biri ola bilər. Ortaq investisiya fondlarının yaradılması, ticarət baryerlərinin azaldılması və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq üzv ölkələr arasında qarşılıqlı asılılığı gücləndirə bilər. Bu isə təşkilat daxilində daha dayanıqlı və uzunmüddətli əməkdaşlıq modelinin formalaşmasına zəmin yaradar”.
Mələk Hüseynova