Himalay dağlarında buzlaqlar sürətlə əriyir - ARAŞDIRMA
Yeni hesabata görə, qlobal istiləşmə səbəbindən bu əsrin sonuna kimi Hindukuş və Himalay dağlarında buzlaqların 75 faizi əriyə bilər. Bölgədəki buzlaqlar 2010-cu illərdə əvvəlki 10 illə müqayisədə daha sürətli əriyib.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, bu dağlıq bölgədə yaşayan 240 milyon insanın sel və su çatışmazlığı təhlükəsi ilə üzləşdiyi bildirilir. Beynəlxalq alimlər qrupu Everest və K2 kimi ən yüksək zirvələrə ev sahibliyi edən bölgədə buzlaqların yox olma prosesinin sürətləndiyini ortaya çıxarıb. Bölgədə hökumətlərarası elmi orqan olan Katmanduda yerləşən İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) qiymətləndirməsinə əsasən, buzlaqlar 2010-cu illərdə əvvəlki 10 illə müqayisədə 65 faiz daha sürətli əriyib.
Hesabatın aparıcı müəllifi ətraf mühit üzrə alim və ICIMOD üzvü Filipp Vester “100 ildən sonra buzlaqları itirəcəyik” deyib. Hindukuş və Himalay dağları Əfqanıstan, Banqladeş, Butan, Çin, Hindistan, Myanma, Nepal və Pakistan ərazilərində 3500 km uzunluğundadır.
Buzlaqların əriməsi Himalay dağlarından başlayan çayların aşağı axınında yaşayan 2 milyarda yaxın insan üçün təhlükəli daşqınlara və su qıtlığına səbəb ola bilər. Miqrasiya üzrə mütəxəssis və hesabatın müəlliflərindən biri Əminə Maharcan deyib: “Qlobal istiləşməyə heç bir töhfə verməyən bu dağlarda yaşayan insanlar iqlim dəyişikliyi səbəbindən yüksək risk altındadırlar”.
