“Hindistan İrandan deyil, Venesueladan neft alacaq”
ABŞ Prezidenti Donald Tramp Hindistanın İrandan deyil, Venesueladan neft alacağını bildirib.
Onun sözlərinə görə, dövlətlər arasında sövdələşmənin konsepsiyası hazırdır.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Venesuela Prezidentini ölkəsindən apardıqdan sonra iki ölkə arasında münasibətlər faktiki olaraq normallaşıb:
“Prezident Donald Tramp açıq şəkildə bəyan edir ki, Venesuelanın hazırda vitse-prezident ilə çox yaxşı münasibətlər qurub. Qarşılıqlı şəkildə bir-birlərini anlayırlar. Eyni sözü Venesuellaya rəhbərlik edən xanım Rodriqes də Donald Trampla əlaqə saxladığını və hər şeyin yaxşı olduğunu deyir. Faktiki olaraq Venesuela böhranı bitmiş sayıla bilər. Venesuela tərəfinin ABŞ-nin tələblərinə uyğun davrandığı göz önündədir. Hindistanın İran bazarından sıxışdırılıb çıxarılması və Venesuelaya yönləndirilməsi, təbiidir ki, İran üçün dəhşətli nəticələr verəcək. Çünki Hindistan çox böyük bazardır və belə bazarı itirmək İran iqtisadiyyatına, xüsusi ilə neft sektoruna çox ciddi zərbə vuracaq. Nəticə etibari ilə dövlətin vəziyyətini çətinləşdirəcək. İran Hindistanla münasibətlərini gərginləşdirmək məcburiyyətində qalacaq. Bu, İranın pis vəziyyətə düşməsinə gətirib çıxaracaq. Donald Trampın bu bəyanatı dünya üçün örnək təşkil edəcək. Venesuelayla bağlı məsələni qan tökmədən sakit bir şəkildə bu cür həll etməklə ABŞ göstərdi ki, onun davası xalqlarla deyil, xalqları zülm altında saxlayan rejimlərlə və onların başında duranlarladır. ABŞ-nin bu cür addımlarda qətiyyətli olduğunu gördük və görməyə davam edirik. Buna görə də, İran nəticə çıxarsa, yaxşı olar. Belə bir sövdələşmə, əlbəttə ki, ABŞ-nin üstün mövqeyinin növbəti dəfə təsdiqlənməsidir. Hindistan kimi böyük dövlətin ABŞ-nin qoyduğu çərçivədən çıxmadığının göstəricisidir və İrana növbəti xəbərdarlıqdır. Bilirsiniz ki, Hindistan İran ilə bərabər Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın arxasında duran dövlətlərdən biridir. Hindistan anti-Azərbaycan blokunda yer alan dövlətdir. Onun küncə sıxışdırılması, İran neftindən imtina edib, Venesuela neftini almağa məcbur edilməsi Azərbaycan üçün yaxşıdır. Çünki bizə qarşı olanların qlobal müstəvidə sıxışdırılması, əlbəttə ki, bizim gücümüzü, təsir imkanlarımızı artırır. Bölgəmizdəki, hətta ən böyük dövlətlər belə Azərbaycanı zəif görməsinlər. Əgər istəyirlərsə, qlobal müstəvidə mövqelərini qoruyub saxlasınlar, həm də Azərbaycanla hesablaşsınlar, Ermənistanın arxasına keçib dəstək verərək üstümüzə gəlməsinlər”.
Selcan Xudiyeva
