Hörmüz boğazında gərginlik artır: İran-ABŞ münasibətlərində sülh niyə alınmır?
Qlobal enerji marşrutlarının əsas nöqtələrindən biri olan bu ərazidə gərginliyin yüksəlməsi təkcə region ölkələrini deyil, dünya iqtisadiyyatını da təsirləndirə bilər. Mövcud vəziyyət fonunda İran-ABŞ münasibətlərində sülh perspektivlərinin niyə zəiflədiyi əsas müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a bildirib ki, hazırkı şəraitdə gərginliyin tərəflərdən biri zəifləyənədək və ya qarşılıqlı yorğunluq yarananadək davam edəcəyi ehtimal olunur:
“Hörmüz boğazında gərginliyin artmasının əsas səbəbi ABŞ, İran və İsrail arasında davam edən qarşıdurmadır. Hazırda bu strateji keçid hər iki tərəf üçün təzyiq alətinə çevrilib. İran boğazı bağlamaqla ABŞ, İsrail və onların müttəfiqlərinin bu marşrutdan əldə etdiyi milyardlarla dollarlıq gəliri məhdudlaşdırmağa çalışır. Bu, rəsmi Tehranın maraqlarının nəzərə alınması üçün verdiyi iqtisadi mesaj kimi qiymətləndirilir. Buna cavab olaraq isə ABŞ İranı dəniz blokadası ilə təzyiq altında saxlamağa çalışır və qlobal sularda üstünlüyünü nümayiş etdirir. Tehrandakı daxili siyasi fikir ayrılıqları əsasən ölkədaxili müstəvidə qalır. Xarici siyasət və xüsusilə, hərbi qarşıdurma məsələlərində isə siyasi qüvvələrin böyük əksəriyyəti dövlət maraqları ətrafında birləşir. Bu prosesdə ali dini liderin mövqeyi həlledici rol oynayır və daxili ziddiyyətlər arxa plana keçir. ABŞ ilə sülh və ya atəşkəsə ən sərt şəkildə qarşı çıxan qüvvələrdən biri isə SEPAHdır. Quruma görə, geri addım atmaq İranın strateji maraqlarına ziddir. Onlar ya mübarizəni sonadək davam etdirməyi, ya da ABŞ üzərində üstünlük qazanmağı əsas məqsəd kimi görür. Mövcud vəziyyət regionda münaqişənin daha da genişlənməsi riskini artırır. Diplomatik həll yolları mümkün olsa da, tərəflər arasında etimadın zəif olması və dialoqa meylin azlığı prosesi çətinləşdirir. Hazırkı şəraitdə gərginliyin tərəflərdən biri zəifləyənədək və ya qarşılıqlı yorğunluq yarananadək davam edəcəyi ehtimal olunur”.
Arzu Poladova