Hörmüz boğazının bağlanması nə qədər davam edə bilər?
İran tərəfi atəşkəs razılaşmasının pozulmasını əsas gətirərək Hörmüz boğazından gəmilərin keçidini müvəqqəti məhdudlaşdırıb.
Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazı ilə bağlı məsələ mütləq həllini tapacaq:
“İranın ixtiyarı da yoxdur ki, uzun müddət o boğazı bağlı saxlasın. Günün birində mütləq açmağa məcbur olacaq və nə qədər ki, İran Hörmüz boğazı ilə bağlı israr edir, sonda əksinə, məğlub ola bilər. Çünki əgər müharibə dayanacaqsa, gəmilərin keçidinə necə icazə verməyəcək, nə haqla icazə verməyəcək? Ona görə də, mən düşünmürəm ki, bu belə böyük bir problemə çevrilsin. Yaxın zamanlarda danışıqlarda çox güman ki, bu məsələ həllini tapacaq. Hörmüz boğazının bağlı olması artıq təsirini göstərib. Dünya iqtisadiyyatında bu, neft və qaz qiymətlərinin artımı ilə özünü göstərib. Hazırda bazarlar da inanmır ki, boğaz tam bağlı qalacaq. Çünki qiymətlərdə müəyyən artım olsa belə, faktiki olaraq müharibənin əvvəlki günləri ilə müqayisədə xeyli azalma müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda Hörmüz boğazı ilə bağlı müsbət qərarlar qəbul oluna bilər”.
Aytac İbrahimova