Hörmüz böhranı nüvə məsələsini kölgədə qoyub
Hörmüz boğazında yaranmış böhran qısa müddət ərzində İranın nüvə proqramı ilə bağlı müzakirələri arxa plana keçirib. Avropa İttifaqı ölkələri Rusiya ilə danışıqların başlanmasına münasibətdə ortaq mövqe nümayiş etdirə bilmir. Eyni zamanda, Rusiya, Türkiyə və Körfəz ölkələri "S-400 zenit-raket kompleksləri"nin gələcəyini müzakirə edir.
ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir. "İzvestiya" qəzetinə danışan ekspertlərin fikrincə, atəşkəs rejiminin pozulması halları bundan sonra da mütəmadi şəkildə baş verəcək. Hazırda əsas mübahisə mövzusu Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyidir. Buna baxmayaraq, Oman, Qətər, Pakistan və Misir tərəfləri yenidən danışıqlar masasına qaytarmaq üçün diplomatik səylərini davam etdirirlər.
Siyasi şərhçi Yelena Suponinanın sözlərinə görə, atəşkəsin pozulması artıq davamlı tendensiyaya çevrilə bilər. O hesab edir ki, danışıqlar bərpa olunsa belə, tərəflər əldə olunan razılaşmaları vaxtaşırı pozacaqlar. Çünki əsas fikir ayrılıqları hələ də aradan qaldırılmayıb.
Rusiya Xalqlar Dostluğu Universitetinin və Rusiya Hökuməti yanında Maliyyə Universitetinin müəllimi Fərhad İbrahimov bildirib ki, hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır və İranın nüvə proqramı məsələsi müvəqqəti olaraq ikinci plana keçib. Bununla belə, İranın dondurulmuş aktivlərinin taleyi, ölkəyə qarşı tətbiq olunan sanksiyaların ləğvi, eləcə də Tehranın regiondakı müttəfiq hərbi və siyasi qüvvələrə verdiyi dəstəyin dayandırılması kimi mühüm məsələlər hələ də həllini gözləyir.
Ekspertin fikrincə, gərginliyin artmasına baxmayaraq, yaxın perspektivdə regionda genişmiqyaslı müharibənin başlanacağı gözlənilmir. O hesab edir ki, ABŞ hazırda taktiki fasilə verərək İranın hərbi imkanlarını və mümkün cavab addımlarını qiymətləndirəcək, eyni zamanda regionda yerləşən qüvvələrini yenidən qruplaşdıracaq
TASS
Nuray Əliyeva