“Hörmüzdə minalar məsələsi ABŞ-İran münasibətlərində yeni böhran yarada bilər”-TURAL İRFAN
ABŞ-nin müttəfiqləri Amerika Prezidenti Donald Trampın bəyanatını şübhə altına alaraq Hörmüz boğazının hələ də minalanmış ola biləcəyini qeyd edirlər.
Bu barədə “Bloomberg” agentliyi anonim mənbələrə istinadən yazıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazında minaların qalması regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır:
“Boğazda ticarət və ya hərbi gəmilərin minaya düşməsi ABŞ-nin İrana qarşı birbaşa hərbi cavab addımları atmasına səbəb ola bilər. Vaşinqton minaların mövcudluğunu əsas gətirərək İrana qarşı yeni iqtisadi və siyasi təzyiq rıçaqları işə sala bilər. Qarşılıqlı ittihamlar tərəflər arasında hər hansı nüvə və ya təhlükəsizlik razılaşmasının əldə olunma ehtimalını minimuma endirir. Tramp administrasiyası öz hərbi uğurlarını nümayiş etdirmək üçün prosesin bitdiyini elan etdiyi halda, müttəfiqlər daha ehtiyatlı və real kəşfiyyat məlumatlarına əsaslanır”.
Politoloq qeyd edib ki, ABŞ-nin daxili enerji müstəqilliyi yüksəkdir:
“Lakin Avropa və Asiya müttəfiqləri Hörmüz boğazından keçən neftdən birbaşa asılıdırlar və riskə gedə bilməzlər. Məhz ona görə də gərginlik artır. Müttəfiqlər birtərəfli bəyanatlara tam güvənməyərək, dənizçilik şirkətlərini qorumaq üçün alternativ mənbələrin məlumatlarını üstün tuturlar. Təhlükənin davam etməsi dəniz nəqliyyatı şirkətlərinin sığorta haqlarını artırır və bu da qlobal enerji qiymətlərinə təsir edir. Boğazda təhlükəsizliyi təmin etmək üçün xarici dövlətlərin bölgəyə daha çox hərbi gəmi göndərməsi insident riskini çoxaldır. Qeyri-müəyyən vəziyyət üçüncü tərəflərin və ya radikal qrupların təxribat törətməsi üçün əlverişli mühit yaradır. Hörmüz boğazında təhlükənin qalması ABŞ-nin bəyanatları müqabilində ona qarşı etimadsızlıq riskini və ümumi regional gərginliyi artırır”.
Nuray Əliyeva