“Hörmüzlə bağlı konsensusun əldə olunması mümkünsüz görünür”- AÇIQLAMA
Hörmüz boğazı ətrafında diplomatik gərginlik artır. İran və Oman arasında boğazda gəmiçiliyin təhlükəsizliyi ilə bağlı əldə olunan razılaşmanın Körfəz ölkələrinə təqdim edilməsi üçün nəzərdə tutulan görüş təxirə salınıb. Razılaşmaya Səudiyyə Ərəbistanının etirazları və dəyişiklik təklifləri isə regionda yeni fikir ayrılıqlarının yarandığını göstərir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, İran-Oman arasında Hörmüzlə bağlı əldə olunan razılaşmaya görə, ticarət gəmiləri İrana yaxın ərazilərdən keçməlidir:
"Bu da İrana Hörmüzə de-fakto nəzarət imkanı verir və növbəti mərhələdə İranın hüquqi səlahiyyətlərinin genişləndirilməsi perspektivi yaradır. Səudiyyə Ərəbistanı başda olmaqla, Körfəz ölkələri isə bunu iqtisadi və təhlükəsizlik maraqları üçün riskli hesab edirlər. Ona görə də, Körfəz ölkələrinin narazılığı və etirazı bundan qaynaqlanır. Nəzərə almalıyıq ki, İran Hörmüzlə bağlı əldə etdiyi strateji üstünlükdən Körfəz ölkələrinə qarşı təzyiqi artırmaq üçün istifadə etməkdə maraqlıdır.Bu da onu deməyə əsas verir ki, yaxın perspektivdə Hörmüzlə bağlı konsensusun əldə olunması mümkünsüz görünür".
Mehriban Yariyeva