00:00:00
Yazar
Admin User
25.11.2025 18:10 56 2 dəq oxuma
Sosial

Hər addımda təhlükə

Hər addımda təhlükə

“Bir gün keçmədi ki kartımdan 340 manat çəkildi”.

 

Online oğurluqların sürətlə artdığı bir dövrdə qurbanların sayı da gündən-günə çoxalır. Aysu Həsənova “İnformator.az”a açıqlamasında bir ay əvvəl belə hal yaşadığını və dərhal bankla əlaqə saxladığını bildirib:

 

“Bank işçiləri kartlarımı əvvəlcə blokladılar. Daha sonra səbəb bilindi ki, telefonumun servis xidməti mənim razılığım olmadan çıxıb. Pulumu isə iki həftə ərzində qaytaracaqlarını dedilər və qaytardılar”.


Online mağazadan məhsul alıb, ödənişi kartla edən Jalə Əliyevanın sözlərinə görə, ertəsi gün kartından əlavə 100 manata yaxın pul da çıxılıb:


“Halbuki yalnız bir sifarişim var idi. Dərhal banka zəng etdim, kartımı blokladılar. Sonradan məlum oldu ki, sayt ödənişi səhvən iki dəfə keçib. Dedilər ki, pul geri qaytarılacaq, bir neçə həftə sonra vəsait hesabıma qaytarıldı”.


İKT üzrə ekspert Elvin Abbasov qeyd edib ki, 2025-ci ildə ölkədə onlayn fırıldaqçılıqların strukturu xeyli dəyişib və daha ağıllı, daha hədəfli üsullar üstünlük təşkil etməyə başlayıb:


“Ən çox rast gəlinən hallara deepfake səs və video ilə insanları aldadaraq pul istənilməsi, bank və dövlət qurumu adı ilə göndərilən saxta linklər, sosial şəbəkə hesablarının “təhlükəsizlik xəbərdarlığı” adı altında ələ keçirilməsi, klonlanan mobil tətbiqlər və saxta QR-kodlar daxildir. Bundan əlavə, “SIM-swap”, kopyalanan ödəniş səhifələri və messencerlərdə yayılan zərərli əlavələr də sürətlə yayılır. Artıq çox adi görünən bir link belə şəxsi məlumatların ələ keçirilməsi üçün kifayət edir. İstifadəçilər təhlükədən qorunmaq üçün hər bir linkə və bildirişə şübhə ilə yanaşmalıdır. Hər hansı “bank zəngi”, “polis xəbərdarlığı”, “bloklanma təhlükəsi” kimi mesajlara emosional reaksiya vermədən rəsmi kanallar vasitəsilə məlumat dəqiqləşdirilməlidir. Heç bir halda kart məlumatları, SMS kodlar, şifrələr kimsə ilə paylaşılmamalıdır. Banklar və dövlət qurumları son bir ildə təhlükəsizlik mexanizmlərini daha da gücləndirib. Süni intellekt əsasında fırıldaqçılıq aşkarlama sistemləri, şübhəli əməliyyatların real vaxtda bloklanması, zəng identifikasiyası, çoxmərhələli identifikasiya, cihaz risk analizi və dinamik CVV kimi texnologiyalar geniş tətbiq olunur”.

 

Ekspertlər onlayn fırıldaqçılıqlardan qorunmaq üçün istifadəçilərin diqqətli olmasını tövsiyə edir. Hər hansı linkə tələsik klik etməmək və şəxsi məlumatları paylaşmamaq vacibdir. Eyni zamanda, bank və dövlət qurumları süni intellekt və çoxmərhələli identifikasiya sistemləri ilə təhlükəsizliyi gücləndirib.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər