Hərbi xidmətə çağırılan işçilərin sosial təminatı gücləndirilir
Qaydalara əsasən, işçi hərbi xidmətə yollanarkən ona orta aylıq əmək haqqının azı 3 misli məbləğində müavinət ödəniləcək. Bu addım hərbi xidmət dövründə işçinin və ailəsinin maddi vəziyyətinin qorunmasına, sosial risklərin azaldılmasına xidmət edir. Eyni zamanda, bu yanaşma dövlətin hərbi xidmətə çağırılan vətəndaşlara və onların əmək hüquqlarına verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında əmək və sosial siyasət eksperti Leyla Köçərli bildirib ki, işçi hərbi xidmətə çağırıldıqda onun sosial təminatının gücləndirilməsi məqsədilə tətbiq olunması nəzərdə tutulan yeni mexanizm işçinin maddi vəziyyətini qorumağa, sosial riskləri azaltmağa və ailənin sosial təminatının gücləndirilməsinə dəstək ola bilər:
"İşçilərin güvən hissini artırmaqla, onları hərbi xidmət dövründə davamlı gəlirlə təmin edə bilər. Bu mexanizm azgəlirli ailələrin gəlir itkisinin qarşısını almaqla, maddi sabitliyini də təmin etmiş olur. Başqa sözlə desək, ailələrin gündəlik xərclərini ödəməyə yardımcı olacağı üçün sosial stressi azaldacaq, ailədəki uşaqların təhsili və sağlamlığına təsirini müsbət istiqamətə yönəltmiş olacaqdır. Sözügedən müavinətin tətbiqi işçilərin hüquqlarının müdafiə olunmasına və ədalətli əmək münasibətlərinin yaradılmasına şərait yaradacaq. İşəgötürənlər tərəfindən işçilərin əmək hüquqlarının daha ciddi qorunmasına və işəgötürən-işçi münasibətlərində ədalətliliyin artırılmasına səbəb olacaqdır".
Aişə Mustafayeva
