Həyat sığorta növlərinə maraq artmaqda davam edir
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımları 636 milyon 877 min manat təşkil edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Meqa Sığorta şirkətində İctimaiyyətlə əlaqələr üzrə rəhbər Emil Ağabağırov bildirib ki, həyat sığorta növlərinə marağın artmasına əsas səbəblərdən biri də həyatın yaşam sığorta növüdür ki, bu sığorta növü həm ölüm halında təminat verir, həm də müəyyən müddət keçdikdən sonra vətəndaşa qazanc gətirir
"Bu, yeganə sığorta növüdür ki, həm risk (ölüm) zamanı qoruma verir, həm də sonda əlavə gəlir imkanı yaradır. Məsələnin mahiyyəti budur ki, üç illik həyat sığortası müqaviləsi bağlayan vətəndaş əgər bu müddət ərzində vəfat edərsə, ailəsi və ya varisləri müqavilədə göstərilən kompensasiyanı alır. Əgər üç il ərzində heç bir hadisə baş verməzsə, sığortalı şəxs həmin müddət ərzində ödədiyi vəsaiti 25-26% gəlirlə birlikdə geri alır. Məsələn, hər ay 100 manat ödəyən şəxs, üç il ərzində (36 ayda) 3600 manat sığorta haqqı ödəyir. Müddət sonunda isə təxminən 4500-4600 manat məbləğində ödəniş alır. Bu, hər iki halda vətəndaş üçün faydalı mexanizmdir. Ya ailəsinə təminat olur, ya da özü üçün qazanc. Bu sığorta növü digər növlərdən əsas fərqi və üstünlüyü ilə seçilir, həm risklərə qarşı təminat, həm də maliyyə qazancı təklif edir. Məhz bu səbəbdən vətəndaşlar arasında bu növə maraq sürətlə artır. Gələcəkdə isə həyat sığortası sahəsində, xüsusilə kreditlərlə əlaqəli sığorta məhsullarının inkişaf edəcəyi proqnozlaşdırılır. Artıq bu gün təkcə istehlak kreditləri deyil, həm də biznes kreditləri götürən şəxslər bu növ həyat sığortasına yönəlirlər. Əgər vətəndaş kredit müddətində dünyasını dəyişərsə, sığorta şirkəti kreditin 100%-ni qarşılayır. Əmək qabiliyyətinin tam və ya qismən itirilməsi halında isə əlillik dərəcəsinə uyğun olaraq kreditin müəyyən hissəsi ödənir. Bu mexanizm borcalan üçün əlavə təhlükəsizlik təmin edir.
Proqnozlara əsasən, həm yaşam sığortası, həm də kreditlə bağlı həyat sığortası növlərinə marağın daha da artacağı gözlənilir".
Aişə Mustafayeva
