İctimai nəqliyyatda sıxlıq və stress
Son illərdə şəhər həyatının qaçılmaz bir problemi kimi ictimai nəqliyyat sıxlığı ön plana çıxıb. Avtobus, metro və taksilərdə uzun növbələr, yer çatışmazlığı və insanların bir-birinə sıxlaşması həm sərnişinlər, həm də sürücülər üçün stress mənbəyinə çevrilir.
Mövzu ilə bağlı “İnformator.az” saytı sərnişin, sürücü və nəqliyyat ekspertinin fikirlərini öyrənib.
Sərnişin Sevinc Cabbarovanın fikirlərinə görə, gündəlik sıxlıq insanın əsəblərinə ciddi təsir edir:
“Avtobus və ya metro dolu olanda adam özünü rahat hiss etmir, tez-tez əsəbiləşir. Xüsusən də işə gecikəndə səbirsizlik artır, bəzən istəmədən başqalarına qarşı aqressiv davranırsan. Uzun növbələr və yer tapmamaq psixoloji yorğunluq yaradır, günə mənfi təsir edir. Daha rahat sərnişin təcrübəsi üçün pik saatlarda avtobusların sayının artırılmasını, intervalın azaldılmasını istərdim. Həmçinin insanların növbə mədəniyyətinə əməl etməsi, bir-birinə qarşı anlayışlı olması böyük fərq yaradar”.
Sıxlıqdan yorulan sürücü Kamran Əsgərbəylinin sözlərinə görə, yol tıxacları və dayanacaqlarda həddindən artıq adam olması diqqəti yayındırır və stressi artırır:
“Bəzən sərnişinlərin əsəbi davranışı sürücüyə də təsir edir, işin məsuliyyəti daha ağır hiss olunur. Daha rahat iş şəraiti üçün marşrutların yenidən planlaşdırılmasını, xüsusən sıx saatlarda əlavə nəqliyyat vasitələrinin xəttə buraxılmasını istərdim. Dayanacaqlarda nizam-intizam olsa, həm sürücü, həm də sərnişin üçün proses daha rahat keçər. Stressi azaltmaq üçün səbirli olmağa çalışıram, amma hər zaman bu mümkün olmur. İdarəetmədən gözləntim odur ki, sürücülərin də psixoloji vəziyyəti nəzərə alınsın, iş qrafiki və şərait daha insani şəkildə təşkil edilsin”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib ki, sıxlığın əsas səbəbi tıxaclardır:
“Tıxac səbəbi ilə avtobuslar vaxtında dayanacaqlara gələ bilmir və avtobuslar arasında interval uzanır. Bu səbəblə insanlar dayanacaqda çox gözləməli olurlar və avtobuslarda sıxlıq yaranır. Metroda da belə sıxlıq mövcuddur və bunun üçün qatarların sayı artılır, intervallar azaldılır. Vaxtilə sovet dövründə Bakı metropolitenində bu qədər sərnişin daşınması nəzərdə tutulmayıb. İndi isə yeni stansiyalar tikilir. İctimai nəqliyyat tərtib olunan qaydalar əsasında fəaliyyət göstərir. Bu qaydalara sərnişinlər də riayət etməlidir. İnsan cəmiyyət də necədirsə, ictimai nəqliyyatda da özünü elə aparır. İctimai nəqliyyatdan istifadə edən hər bir şəxs bilməlidir ki, onun hüquqları olduğu qədər vəzifələri də vardır. Sürücünün vəzifəsi olduğu qədər, sərnişinin də vəzifəsi var. İctimai nəqliyyatda hər kəs ədəblə hərəkət etməli, müəyyən qaydalara riayət etməlidir”.
Cavahir Əsgərbəyli
