İctimai nəqliyyatda yenilik
Bakıda ictimai nəqliyyatda ödəniş sistemlərinin təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb. Şəhər avtobuslarında NFC texnologiyası əsasında nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb. Pilot layihə çərçivəsində yeni ödəniş mexanizmi hazırda 500 nömrəli marşrutda sınaqdan keçirilir.
Layihə çərçivəsində sərnişinlər yerli bank kartları, eləcə də Apple Pay və Google Pay kimi rəqəmsal ödəniş vasitələrindən istifadə edərək avtobusda ödəniş edə bilirlər. NFC texnologiyası vasitəsilə həyata keçirilən bu ödənişlər daha sürətli, təhlükəsiz və rahat hesab olunur və nağd pul istifadəsinə olan ehtiyacı azaldır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu imkanların yaradılması sərnişin rahatlığı üçün çox yaxşıdır:
“Burada sərnişinləri sadəcə rahatlıq baxımından gözəl bir situasiya gözləyir, yeni bir mərhələ gözləyir. Başqa elə fantastik bir dəyişiklik yoxdur. Sadəcə olaraq, insanlar bank kartları ilə avtobuslarda gediş haqqını ödəyə biləcəklər, metroda da, və s. Ümumilikdə sərnişindaşıma üçün bu cür imkanların yaradılması müsbət addımdır. Çünki bank kartında nə qədər olmasa da pul həmişə olur. Bank kartı vətəndaşın, insanın pul kisəsidir. O pul kisəsində pul olmayanda, insan hərəkət edə bilmir. Amma avtobus kartı unudula, yaddaşdan çıxa bilər, ora daim pul yükləməlisən, kartdan ora pul atmalısan və s. Amma əgər bank kartı əlindədirsə, artıq sən hər cür imkanlardan yararlana bilirsən. Bu imkanların yaradılması sərnişin rahatlığı üçün çox yaxşıdır.
Digər tərəfdən isə biz növbəti mərhələdə ictimai nəqliyyatda güzəştlərin tətbiqini gözləyirik. Yəni tələbələr, təqaüdçülər və digər kateqoriyaya aid olan insanlar ictimai nəqliyyatdan ya pulsuz, ya da güzəştlə istifadə edə bilsinlər. Bu da sosial baxımdan çox vacib və faydalı olardı”.
Mövzu ilə bağlı tələbə Aysel Tarışova öz fikirlərini bildirib:
“Tələbə kimi deyə bilərəm ki, avtobuslarda NFC ilə ödəniş çox rahatdır. Bəzən “BakıKart”da pul olmur, bank kartı ilə ödəniş etmək mümkün olur və bu, böyük üstünlükdür. Nağd pul daşımağa ehtiyac qalmır, gediş-gəliş daha rahat olur. Sistem bütün marşrutlarda tətbiq olunsa, tələbələr üçün ictimai nəqliyyatdan istifadə xeyli asanlaşar”.
Aydan Əsgərxanlı
