“İdeal şəraitdə insan ömrünün yüz ildən artıq olması mümkündür”
Honkonq Şəhər Universitetinin təkamül bioloqu, professor Petr Lidski hesab edir ki, gələcəkdə insan ömrünü 200 ilə qədər uzatmaq mümkün ola bilər. Alimin fikrincə, bəzi canlıların cavanlaşma xüsusiyyətləri elmdə insan ömrünün uzadılması ilə bağlı yeni ümidlər yaradır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki, insan orqanizminin bioloji yaşam imkanları, əslində, yüz yaşdan yuxarıdır:
"Genetik xəstəliklər və gen mutasiyaları mövcud deyilsə, insan normal sosial-ekoloji mühitdə yaşayırsa, kanserogen maddələrə məruz qalmırsa, ideal şəraitdə yaşam müddətinin yüz ildən artıq olması mümkündür. Lakin reallıq fərqlidir. İnsanların əksəriyyətində müxtəlif gen mutasiyaları mövcuddur. Bu mutasiyalar qohum nikahları və digər səbəblərlə yarana bilər. Bəzi insanlarda talassemiya daşıyıcılığı, skelet anomaliyaları və müxtəlif genetik xəstəliklər müşahidə olunur. Gizli gen mutasiyaları isə müəyyən dövrlərdə onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər. Digər mühüm amil ekoloji vəziyyətdir. Ekosistemdə tarazlıq ciddi şəkildə pozulub. İçməli suyun, torpağın və havanın çirklənməsi insan sağlamlığına mənfi təsir göstərir. Bu şəraitdə insanların yüz il yaşaması çətin görünür. Bundan əlavə, qeyri-sağlam qidalanma, passiv həyat tərzi, zərərli vərdişlər və həddindən artıq qida qəbulu da ömür uzunluğuna mənfi təsir edən amillərdir. Bununla belə, alimlərin ideal mühitdə insan ömrünün xeyli uzadıla biləcəyi barədə fikirləri müəyyən qədər əsaslı görünür. Genetik xüsusiyyətlərə nəzarət edilən və sağlam həyat şəraiti təmin olunan mühitdə ömür uzunluğunun artması mümkündür. İki yüz il yaşamaq ehtimalı bir qədər mübahisəli görünsə də, tarixdə yüz ildən çox yaşayan insanların mövcudluğu məlumdur".
Qəmər Kazımzadə
