00:00:00
Yazar
Güllər Gülhüseynova
04.03.2026 21:53 17 3 dəq oxuma
Sosial

“İftar süfrəsində qızardılmış və yüksək kalorili yeməklərdən çəkinin”- Qida eksperti

“İftar süfrəsində qızardılmış və yüksək kalorili yeməklərdən çəkinin”- Qida eksperti

Oruc tutanlar yağlılığı az olan qidalardan istifadə etməlidir. Həmin dövrdə balanslı, keyfiyyətli və orqanizmi yormayan qidalanmaya xüsusi diqqət yetirilməlidir. Uzunmüddətli aclıqdan sonra qəbul edilən qidalar həm enerji verməli, həm də həzm sisteminə yük yaratmamalıdır.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Qeyd edilib ki, iftar zamanı mümkün qədər az yağlı və yüngül yeməklərə üstünlük verilməlidir. Xəmir xörəkləri, qızardılmış yeməklər və müxtəlif souslarla zəngin, yüksək kalorili qidaların iftar süfrəsində yer alması tövsiyə olunmur. Bu cür qidalar həzmi çətinləşdirir və orqanizmdə ağırlıq hissi yaradır.


Bu barədə Qida eksperti Asim Vəliyev "İnformator. az" a açıqlamasında bildirib ki, Ramazan ayı mənəvi saflıq, təmizlənmə və bioloji aydır:

 

"İftarın əsas məqsədi birdən-birə çox yemək deyil.Uzun fasilədən sonra həzm sistemini sakit şəkildə, yormadan işə salmaqdır. Bu baxmdan iftar açarkən yüngül, az yağlı və maye balansını dəstəkləyən qidaları seçməliyik. Mənim də illərdir istifadə etdiyim ən praktik yol əvvəl 1 ya 2 xurma, yoxdursa, bir az quru meyvə ilə, üstündən də ilıq su ilə başlamaqdır. Ola bilər kimdəsə mədə həssaslığı var. Bu zaman xurmanı azaldıb bir neçə qurtum su ilə kifayətlənmək də olar.Daha sonra yüngül şorbalardan olan mərcimək, tərəvəz, toyuq bulyonlu duru xörək yaxşı seçimdir. Belə olduqda maye itkisini yavaş-yavaş bərpa edirik və mədəni yormuruq. Namaz qılıanlar varsa, bu arada axşam namazını qılaraq qısa fasilə vermək olar. Çox yedikdən sonra namaz qılmaq da çətinləşir. Əsas yemək hissəmizdə az yağlı, zülallı, tərəvəzli qidalara üstünlük verməliyik. Nəzərə alaq ki, qaynadılmış, buğda bişmiş, sobada hazırlanmış yeməklər qızartmaya nisbətən daha rahat həzm olunur. Zülal üçün seçim yağsız toyuq, balıq, yumurta, paxlalılar, yanında tərəvəz salatı, ya tərəvəz qarniri, karbohidrat üçün isə tam taxıllı çörək, bulqur, qarabaşaq, az porsiyada düyü uyğundur. Süfrədə süd məhsullarından olan qatıq, ayran, kefir də olsa yaxşı olar. Amma bu hamı üçün eyni deyil. Bəzilərində şişkinlik verə bilir. O zaman miqdarı azaltmaq daha məntiqlidir. Bir də ən çox etdiyimiz səhv iftardan dərhal sonra şirniyyat ilə çay içməkdir. Yaxşı olar ki, əsas yeməkdən bir müddət sonra meyvə, ya az şirin desert qəbul edək. Belə olduqda mədəmiz daha az yüklənir. Hər zaman olduğu kimi qida təhlükəsizliyi tərəfini də unutmaq olmaz. İftarda yeməklər uzun müddət otaq temperaturunda qalmamalıdır. Xüsusən ət, toyuq, yumurta və mayonezli salatlar tez xarab ola bilir".


Ekspert həmçinin bunu da qeyd edib ki, ümumi olaraq oruc dövründə ən çox problem yaradan qrup çox yağlı, qızardılmış və çox şəkərli qidalardır:

 

"Qızartmalar, çox yağlı ət yeməkləri, xəmir xörəkləri mədənin boşalmasını ləngidir. Nəticədə iftardan sonra ağırlıq, yanğı, köp kimi şikayətlərimiz artır. Eyni şey çox ədviyyatlı və çox acılı yeməklərə də aiddir. Bir çoxumuzda susuzluğu artırır, mədə qıcqırmasını gücləndirir. Şirniyyatlar, şəkərli içkilər ayrı mövzudur. Onlar tez enerji verir. Amma bu enerji sürətlə düşür və yenidən acma hissi yarada bilir. Üstəlik, çox şirin qidalar iftarda porsiyaya nəzarəti çətinləşdirir. Şirniyyat yemək çox istəyiriksə, miqdarı azaldıb daha sadə seçimlər etməliyik. Duzlu və çox işlənmiş məhsullardan olan kolbasa, sosis, çips, duzlu qəlyanaltılar, turşuların çoxu susuzluğu artırır. Çay və qəhvə də bəzilərimizdə susuzluq hissini gücləndirə bilər. Tamamilə kəsmək şərt deyil. Sadəcə iftarla sahur arasında su qəbulu nəzərə alıb".


Aysun Xanatova

#eksperti #qızardılmış #süfrəsində #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər