III Təhsil Menecerləri Forumu
Azərbaycan Dövlət İqtisad Universitetində III Təhsil Menecerləri Forumu baş tutub. UNEC və Hədəf Şirkətlər Qrupunun təşəbbüsü ilə təşkil olunan forumda təhsil idarəçiliyinin aktual məsələləri müzakirə edilib, yeni fikir və təcrübələr bölüşülüb. 14 yerli və xarici spikerin qatıldığı forum müasir idarəetmə yanaşmalarının müzakirəsini və təhsildə dayanıqlı inkişaf yollarının müəyyənləşdirilməsini hədəfləyir. Qeyd edək ki, forum 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqil təhsilimizə” həsr olunub.
“İnformator.az”a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, artıq dünyanın hər yerində süni intellekt həyatın ayrılmaz hissəsinə çevrilib:

“O cümlədən təhsil sahəsində əvvəllər rəqəmsal alətlər sadəcə vasitə rolunu oynayırdısa, bu gün süni intellekt müzakirə mövzusuna çevrilib. Süni intellektin təhsili necə dəyişəcəyi, hansı yeniliklərin baş verəcəyi müzakirə olunur. Biz də bu gün burada süni intellektdən Azərbaycanın təhsil sistemində necə istifadə oluna biləcəyini, onun faydalarını və mümkün risklərini müzakirə edirik”.
Məsələ ilə bağlı “Hədəf” Şirkətlər Qrupunun direktoru Şəmil Sadiq də “İnformator.az”a açıqlama verib:

“Bu gün ölkəmizdə Təhsil Menecerləri Forumunun üçüncüsü keçirilir. Forum artıq üç ildir ki, davam edir. Hər il məqsəd və məram dəyişmir. Məqsədimiz Azərbaycan təhsili üçün daha peşəkar kadrların yetişdirilməsidir”.
Vüqar Alışov
