İkili Diplom Proqramlarına Maraq Artır
Təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın genişlənməsi fonunda ikili diplom proqramlarına qoşulan tələbələrin sayı sürətlə artır. Bu model tələbələrə eyni vaxtda iki universitetin təhsil proqramını tamamlayaraq hər iki ali məktəbin diplomunu əldə etmək imkanı yaradır. Mütəxəssislərin sözlərinə görə, ikili diplom qlobal əmək bazarında rəqabət qabiliyyətini yüksəldir və işə qəbul prosesində üstünlük təmin edir. Proqramlar adətən akademik mobillik, təcrübə mübadiləsi və müxtəlif ölkələrin təhsil standartlarına uyğunlaşma kimi imkanları özündə birləşdirir.
Mövzu ilə bağlı təhsil eksperti Vüsal Əzizov “İnformator.az”a açıqlamasında bildirdi ki, bu kimi proqramlarda iştirak etmiş tələbələr işə qəbul zamanı da rəqabət üstünlüyü qazanırlar:
“Artıq Azərbaycanda fəaliyyət göstərən bir çox ali təhsil müəssisəsi xarici universitetlərlə ikili diplom proqramları həyata keçirir. Bu proqramlar tələbələr arasında böyük maraq doğurur və üstünlük verilən təhsil imkanlarından biridir. Çünki bu proqramlar çərçivəsində tələbələr tədris müddətinin bir və ya iki ilini xarici ali təhsil müəssisəsində keçirmək imkanı əldə edirlər.
Proqramların müsbət tərəflərindən biri ondan ibarətdir ki, tələbə xarici ölkədə olarkən həm o ölkənin, həm də tədris dilini öyrənir. Çox zaman tədris ingilis dilində aparılır, lakin bəzi hallarda həmin ölkənin rəsmi dilində də tədris mövcud olur. Bu da tələbələrin dil biliklərini artırmaqla yanaşı, onların beynəlxalq təcrübə qazanmasına və elmi fəaliyyət sahəsində daha da inkişaf etməsinə şərait yaradır.
İkili diplom proqramları başlamazdan əvvəl Azərbaycan və xarici ölkənin universitetləri arasında tədris planlarının uyğunlaşdırılması aparılır. Hər iki tərəfin nümayəndələri ortaq fənlər və ixtisaslar üzərində müzakirələr aparır və əməkdaşlıq bu əsasda qurulur.
Son dövrlərdə Çin Xalq Respublikası ilə viza rejiminin ləğvi elm, təhsil, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirib. Bu çərçivədə Bakı Mühəndislik Universiteti Çin universitetləri ilə, o cümlədən Pekin Texnologiya Universiteti ilə "2+2" modelində ikili diplom proqramları həyata keçirir. Bu modelə əsasən tələbələr təhsilin iki ilini Azərbaycanda, iki ilini isə Pekində davam etdirirlər.
Çinin elm və iqtisadiyyat sahəsindəki inkişafı bu əməkdaşlıq sayəsində Azərbaycanın elmi mühitinə də müsbət təsir göstərir. Tələbələr bu proqramlara qoşulmaq üçün öncədən seçim mərhələsindən keçirlər, yüksək akademik göstəricilərə malik olan tələbələr imtahanlar nəticəsində xarici universitetlərə göndərilirlər.
Eyni zamanda, Bakı Mühəndislik Universitetinin Koreyanın İnha Universiteti ilə əməkdaşlığı da mövcuddur. Bu əməkdaşlıq çərçivəsində də əlavə imtahanlar keçirilir və ən uğurlu tələbələr bir və ya iki semestrlik xaricdə təhsil almaq hüququ qazanırlar.
Belə proqramlar tələbələrin qlobal bilik və bacarıqlara yiyələnməsinə, əmək bazarında daha rəqabətli olmalarına və Azərbaycan təhsilinin beynəlxalq səviyyədə tanınmasına xidmət edir.
Bu kimi proqramlarda iştirak etmiş tələbələr işə qəbul zamanı da rəqabət üstünlüyü qazanırlar. Onların CV-sində xaricdə təhsil təcrübəsinin olması işəgötürənlər üçün mühüm göstəricidir və bu, onların digər namizədlərlə müqayisədə daha cəlbedici olmasına səbəb olur. İkili diplom proqramı çərçivəsində tələbə eyni anda iki universitetin diplomunu əldə etdiyi üçün əmək bazarında daha geniş imkanlara sahib olur və iş tapmaq şansları artır.
Eyni zamanda, əmək bazarında rəqabətin yüksək olduğu bir şəraitdə bu cür beynəlxalq təcrübəyə və təhsilə malik tələbələrin üstünlüyü açıq şəkildə hiss olunur".
Aydan Əsgərxanlı
