İlham Əliyev Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü və “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi ölkənin sülh və humanitar dəyərlərə əsaslanan siyasətinin beynəlxalq səviyyədə tanındığını göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, sülh quruculuğu məsələsində dünyada siyasətçilər arasında sülh üzərindən mükafatlandırılan şəxslər nadir hallarda rast gəlinir:
“Bu onunla əlaqədardır ki, dünyanın əsas trendləri arasında sülh yoxdur. Görürsünüz ki, münaqişələr, müharibələr, regional qarşıdurmalar baş verir. Bu baxımdan Azərbaycanın beynəlxalq imici Prezident İlham Əliyevin Qarabağ müharibəsində qazanılan qələbənin nəticələrini sülhə çevirmək istiqamətində uğurlu siyasət apardığını göstərir və onun dəyəri, şübhəsiz ki, bundadır. Təbii ki, Azərbaycan dünyada çox böyük nüfuz qazanıb. Həmin nüfuz kontekstində onu da qeyd etmək lazımdır ki, dünyada müharibələrin artması qlobal sülh indeksinə ciddi zərbə vurur. Bununla belə, sülh tədqiqatçıları və pasifistlər araşdırmalar apararkən, 2025-ci il də daxil olmaqla, 2026-cı ildə real sülhə gedən ölkə kimi yalnız Azərbaycanı görürlər. Bu, yumşaq gücün ən böyük göstəricisidir. Azərbaycan İslam dünyası ilə Qərb arasında həm coğrafi, həm də nəqliyyat, iqtisadi, siyasi və mədəni baxımdan birləşdirici ölkədir. Siyasi baxımdan isə düşünürəm ki, Azərbaycan bunu artıq edib və böyük təcrübəyə malikdir. Bakı forumları, NATO generallarının Rusiya ilə görüşləri, İsrail, Türkiyə, ərəb ölkələri və digər tərəflərlə aparılan proseslərdə Azərbaycan böyük ölçüdə platforma rolunu oynayır. Hazırkı mərhələdə qlobal qarşıdurma şəraitində buna daha çox ehtiyac var. Orta Dəhlizi də nəzərə alsaq, Azərbaycanın əhəmiyyəti daha aydın şəkildə ortaya çıxır və Əbu-Dabidən danışarkən Sülh Şurasında Azərbaycanın iştirakına ayrıca diqqət yetirmək lazımdır. Azərbaycan bloklara Qoşulmama Hərəkatı vasitəsilə prosesi genişləndirdi və dünyanın yüzdən artıq ölkəsindən dəstək aldı. Beynəlxalq təşkilatlardakı müzakirələrdə isə Azərbaycan bütövlükdə Qoşulmama Hərəkatı çərçivəsində müasir kolonializmə qarşı mübarizəni dəstəkləyən əsas ölkələrdən biridir. Bakı Təşəbbüs Qrupunu yaratdı. Bu mənada Azərbaycan bir çox ölkələrə, xüsusilə pandemiya dövründən sonra ciddi humanitar dəstək göstərdi və hazırda da bu istiqamətdə əsas tərəf kimi çıxış edir. Düşünürəm ki, Azərbaycanın yumşaq gücü hazırkı mərhələdə özünün ən yaxşı dövrünə daxil olur".
Reyhan Quliyeva
