İlham Əliyev: "Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir"
Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az” a açıqlamasında bildirib ki, region ölkələrinin mövcud imkanları əldən verməməsindən danışırıqsa, burada, əlbəttə ki, üçüncü tərəflərin müdaxiləsinin qarşısının alınması bir nömrəli vəzifədir:
"Rusiya və İran Azərbaycanla Ermənistan arasında qarşıdurmanın davam etməsində maraqlıdır. Bu iki dövlət çalışır ki, tərəflər arasında tam anlaşma əldə olunmasın. Lakin həm Azərbaycanın, həm də Ermənistanın rəhbərliyinin siyasi iradəsi nəticəsində bu müdaxilələrin qarşısı müəyyən dərəcədə alınıb və iki ölkə arasında normallaşma prosesi davam edir. Belə bir şəraitdə Gürcüstanın da bu prosesə cəlb edilməsi və ümumilikdə Cənubi Qafqazın üç dövlətinin koordinasiyalı şəkildə hərəkət etməsi üçüncü tərəflərin təsir imkanlarını əhəmiyyətli dərəcədə azalda bilər. Bununla yanaşı, Azərbaycanın qardaş Türkiyəni də bu prosesə daxil etməsi məqsədəuyğun görünür. Bu baxımdan “3+1” formatı üç Cənubi Qafqaz respublikası və Türkiyə regional əməkdaşlığın gücləndirilməsi baxımından effektiv mexanizm ola bilər. Ümumilikdə, Cənubi Qafqazda sülhə əsas təhdid yaradan amillərdən biri Rusiyadır. Rusiya hələ də Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində hərbi mövcudluğunu saxlayır və bu, Gürcüstanın suverenliyinə təhdid olaraq qalır. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə də müxtəlif yollarla təsir göstərməyə çalışır. Digər tərəfdən, İran da regiondakı proseslərə təsir etməyə çalışan aktorlardan biridir. Bu səbəbdən qeyd olunan risklərin qarşısının alınması tək bir ölkənin səyləri ilə mümkün deyil. Azərbaycan, Ermənistan və Gürcüstanın birgə əməkdaşlığı, eləcə də Türkiyənin prosesə cəlb olunması regionda daha dayanıqlı sabitlik üçün vacib amillərdən biri kimi qiymətləndirilə bilər. Qlobal münaqişələr də təəssüf ki, region ölkələrinə öz təsirini göstərir. Rusiyanın Ukraynaya qarşı müharibəsi və İranda baş verən daxili proseslər Azərbaycan üçün də müəyyən təsirlər yaradır. Hər iki ölkə ilə sərhədin olması bu təsirləri daha da hiss olunan edir. Bundan əlavə, həmin ölkələrdə çoxsaylı azərbaycanlı və digər türk xalqlarının nümayəndələrinin yaşaması da baş verən hadisələrin sosial və humanitar aspektdən təsirini artırır. Mövcud vəziyyət regionda müəyyən gərginlik yaradır və bu, iqtisadi və sosial sahələrə də təsirsiz ötüşmür. Sərhəd rejimləri, nəqliyyat və iqtisadi əlaqələrin məhdudlaşması insanların gündəlik həyatına və regional əməkdaşlıq imkanlarına mənfi təsir göstərir. Buna görə də, sabitlik və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi region üçün əsas prioritetlərdən biri olaraq qalır”.
Selcan Xudiyeva