İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşüb. Görüşdə Azərbaycan ilə ICESCO arasında mövcud olan uğurlu əməkdaşlıq əlaqələri, birgə həyata keçirilən layihələr və gələcək perskpektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan Prezidentinin ICESCO-nun Baş direktorunu qəbul etməsi ölkəmizin islam dünyası ilə humanitar və mədəni əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir:
"Bu cür görüşlər təhsil, elm, mədəni irsin qorunması və gənclərin inkişafı sahələrində əməkdaşlıq imkanlarını genişləndirir. ICESCO-nun Qarabağda dağıdılmış mədəni və dini irsin vəziyyəti ilə tanış olması, Şuşanın islam dünyasında tanıdılması Azərbaycanın tarixi həqiqətlərinin beynəlxalq səviyyədə çatdırılmasına töhfə verir. Bu əməkdaşlıq həm də Azərbaycanın islam dünyası ilə əlaqələrini möhkəmləndirmək və ölkəmizin mədəni diplomatiya imkanlarını genişləndirmək baxımından əhəmiyyətlidir. Əsas məsələ əldə olunan razılaşmaların konkret layihələrə çevrilməsi və onların uzunmüddətli nəticələr verməsidir. Azərbaycanın müharibənin dayandırılması təcrübəsi digər münaqişələr üçün müəyyən nümunə ola bilər. Burada əsas məsələ ərazi bütövlüyü, beynəlxalq hüquq və təhlükəsizlik maraqlarının nəzərə alınmasıdır. Lakin hər münaqişənin özünəməxsus şəraiti var. Buna görə Azərbaycanın təcrübəsi digər ölkələrə olduğu kimi tətbiq edilə bilməz, amma danışıqlar və münaqişədən sonrakı bərpa baxımından öyrənilə bilər".
Zeynal Əmrəliyev vurğulayıb ki, Azərbaycanın 2027-ci ildə İƏT-ə sədrliyi və zirvə görüşünə ev sahibliyi etməsi ölkəmizin islam dünyasında diplomatik mövqeyini gücləndirmək üçün əlavə imkanlar yaradacaq:
"Bu, müsəlman ölkələri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsinə şərait yarada bilər. Azərbaycanın beynəlxalq təşəbbüslərinin dəstəklənməsi və regional məsələlərdə dialoq imkanlarının artması da bu prosesin mümkün nəticələrindəndir. Azərbaycanın ICESCO-ya könüllü maliyyə dəstəyi isə müsəlman ölkələrində təhsil, elm və mədəniyyət layihələrinin həyata keçirilməsinə əlavə resurslar yaradır. Bu vəsaitlər məktəblərin inkişafına, gənclər üçün təhsil imkanlarının genişləndirilməsinə və tarixi-mədəni irsin qorunmasına yönəldilə bilər".
Səkinə Musayeva