İlham Əliyev İordaniya ilə sazişi təsdiqləyib
Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş təsdiq edilib, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycan bütün ölkələrlə yaxın əməkdaşlıqda maraqlıdır və müxtəlif sahələr üzrə digər dövlətlərlə əlaqələr qurur:
"Burada hansı ölkə ilə hansı sahədə əməkdaşlığın qurulacağı istiqamətində seçim edilir. İordaniya həm iqtisadi, həm də coğrafi baxımdan önəmli ölkələrdən biri hesab olunur və bu ölkəyə investisiya yatıran dövlətlər müəyyən qazanc əldə edir. İordaniya ilə gömrük sahəsində əməkdaşlıq Azərbaycan üçün böyük fayda verəcək. Bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi və digər istiqamətlər üzrə əlaqələrin qurulmasına şərait yaradacağı gözlənilir. Beynəlxalq müstəvidə də Azərbaycan-İordaniya münasibətlərinin inkişafı rəsmi Bakıya dividentlər qazandıracaq. Bir sıra məsələlərdə İordaniyanın Azərbaycanın mövqeyini dəstəkləməsi vacibdir. İqtisadi platformalarda Azərbaycan və İordaniyanın birlikdə fəaliyyət göstərməsi hər iki ölkənin mövqeyinin möhkəmlənməsinə xidmət edir və bu addım müsbət qiymətləndirilməlidir. Düşünürəm ki, gələcəkdə əməkdaşlığın genişlənməsi ilə bağlı yeni sənədlər imzalanacaq və ölkə Prezidentinin bu sazişləri təsdiqləməsinin şahidi olacağıq".
Qəmər Kazımzadə
