İlham Əliyev İranın müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə İran arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı müzakirə olunub. Tərəflər iki ölkə arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın regionda sabitlik və təhlükəsizliyə töhfə verdiyini qeyd edib. Həmçinin bölgədə sülhün qorunmasının vacibliyi vurğulanıb, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri ilə bağlı qarşılıqlı maraq ifadə olunub, əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.
Mövzu ilə bağlı "İnformator.az"a politoloq Züriyə Qarayeva bildirib ki, Azərbaycan-İran münasibətləri qarşılıqlı hörmət və regional sabitlik prinsipinə söykənən rasional çərçivədə davam etdirilmək niyyətindədir:
"Azərbaycan-İran münasibətlərinin son dövrdəki inkişaf dinamikası daha çox pragmatik normallaşma və risklərin idarə olunması xətti üzrə qiymətləndirilə bilər. Regional gərginliyin artdığı, İranın beynəlxalq təzyiqlərlə üz-üzə qaldığı, Azərbaycanın isə postmünaqişə dövründə öz suveren mövqeyini möhkəmləndirdiyi bir mərhələdə tərəflər emosional ritorikadan uzaq, institusional dialoqa üstünlük verirlər.
İlham Əliyevin İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadəni qəbul etməsi onu göstərir ki, Bakı-Tehran xəttində münasibətlər artıq epizodik bəyanatlar deyil, konkret sahələr üzrə, xüsusən təhlükəsizlik və sərhəd sabitliyi müstəvisində; strukturlaşdırılmış əməkdaşlıq məntiqi ilə inkişaf etdirilir. Bu, tərəflərin bir-birini regionda dəyişməz reallıq kimi qəbul etdiklərinin göstəricisidir.
Görüşün verdiyi əsas mesaj ondan ibarətdir ki, Azərbaycan–İran münasibətləri qarşılıqlı hörmət və regional sabitlik prinsipinə söykənən rasional çərçivədə davam etdirilmək niyyətindədir. Müdafiə sahəsində əməkdaşlığın müzakirəyə çıxarılması Bakı üçün ikiqat məna daşıyır: bir tərəfdən, İranla münasibətlərin təhlükəsizlik risklərinə çevrilməsinin qarşısını almaq, digər tərəfdən isə Azərbaycanın regionda balanslı və müstəqil aktor olduğunu nümayiş etdirmək. Tehran üçün isə bu görüş, xüsusilə ABŞ və İsraillə bağlı gərgin fonunda, Cənubi Qafqazda yeni qarşıdurma ocaqları açmaq istəmədiyi mesajını verir. Yəni bu təmas strateji ittifaqdan çox, nəzarətli yaxınlaşma və qarşılıqlı risklərin minimallaşdırılması kimi oxunmalıdır".
Aydan Əsgərxanlı
