00:00:00
Yazar
Asiman Vəliyeva
29.04.2026 19:16 12 4 dəq oxuma
Siyasət

İlham Əliyev: “Müharibə və münaqişələrin artdığı dövrdə müdafiəyə hazır olmalıyıq".

İlham Əliyev: “Müharibə və münaqişələrin artdığı dövrdə müdafiəyə hazır olmalıyıq".


Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında dünyada müharibə və münaqişələrin artdığı bir dövrdə ölkələrin öz təhlükəsizliklərini təmin etməsinin vacibliyinə diqqət çəkib. Dövlət başçısı bildirib ki, dəyişən qlobal reallıqlar fonunda hər bir dövlət özünü müdafiə etməyə hazır olmalı, milli təhlükəsizlik və müdafiə qabiliyyətini daim gücləndirməlidir.Bu yanaşma, regionda və dünyada artan geosiyasi gərginliklər fonunda Azərbaycanın strateji mövqeyini və təhlükəsizlik prioritetlərini bir daha gündəmə gətirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azər Allahverənov bildirir ki, şübhəsiz ki, olduqca rəqabətli bir dövrə daxil olmuşuq:


“Nəzərə alsaq ki, dünyanın müxtəlif bölgələrində çoxsaylı münaqişə və müharibələr baş verir, bu vəziyyət beynəlxalq münasibətlər sisteminə də ciddi təsir göstərir. Müasir dövrdə hər hansı bir bölgədə baş verən qarşıdurma istər-istəməz qonşu regionlara da sirayət edir. Hətta bir bölgə daxilində iki dövlət arasında yaşanan münaqişə belə müxtəlif formalarda digər ölkələrə təsir göstərə bilir. Azərbaycanın həyata keçirdiyi siyasətdə təhlükəsizlik məsələləri xüsusi yer tutur. Bu gün ölkəmiz həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizlik və sabitlik məsələlərinə xüsusi diqqət yetirir. Azərbaycanın müxtəlif dövlətlərlə keçirdiyi görüşlər, beynəlxalq layihələr və əməkdaşlıq təşəbbüsləri də məhz bu məqsədə xidmət edir. Burada əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan bu mövzuları daim gündəmdə saxlayır və ən yüksək səviyyəli görüşlərdə təhlükəsizlik məsələlərinə xüsusi önəm verir. Litvanın baş naziri, Latviyanın prezidenti, Ukrayna Respublikasının prezidenti, eləcə də Çex Respublikasının baş nazirinin Azərbaycana son səfərləri də göstərir ki, ölkəmiz baş verən qlobal proseslər fonunda daha praqmatik və sabit inkişaf strategiyası həyata keçirməyə çalışır”.


Həmçinin Azər Allahverənov bildirir ki, bu strategiyanın əsas istiqamətlərindən biri məhz təhlükəsizlik məsələləridir:


“Təhlükəsizlik sisteminin effektiv qurulması yalnız hərbi baxımdan deyil, iqtisadi inkişaf baxımından da əlverişli şərait yaradır. Azərbaycan bu sahədə uğurlu siyasət yürüdən dövlətlərdən biri hesab olunur. Xüsusilə nəzərə alsaq ki, ölkəmizin torpaqları uzun illər işğal altında qalmışdı və Azərbaycan bu problemə son qoyaraq Cənubi Qafqaz regionunda yeni reallıq formalaşdırdı. Ölkənin ərazi bütövlüyü və suverenliyi təmin olunduqdan sonra iqtisadi inkişaf üçün daha əlverişli mühit yarandı. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi də nəticə etibarilə dövlətin inkişafına müsbət təsir göstərdi.Bu gün Azərbaycanın həyata keçirdiyi siyasət Cənubi Qafqaz regionunda təhlükəsizlik və müdafiə strategiyasının yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasını zəruri edir. Burada təhlükəsizlik siyasəti çoxşaxəli istiqamətlər üzrə inkişaf etdirilir. Enerji təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, qida təhlükəsizliyi, nəqliyyat və logistika xətlərinin təhlükəsizliyi, beynəlxalq yüklərin daşınması zamanı təhlükəsizlik tədbirləri, informasiya təhlükəsizliyi və hibrit təhdidlərə qarşı mübarizə bu siyasətin əsas istiqamətləridir. Bütün bu elementlər effektiv şəkildə təmin olunduqda təhlükəsizlik sisteminin uğurla fəaliyyət göstərdiyini demək mümkündür. Azərbaycan modeli bu baxımdan bir çox dövlətlər üçün nümunə hesab edilir. Ölkəmiz qlobal münaqişələr fonunda təhlükəsizlik və müdafiə strategiyasını yeni dövrün çağırışlarına uyğun şəkildə qurmağa çalışır. Bu istiqamətdə silahlı qüvvələrin potensialının artırılması, dost və tərəfdaş ölkələrlə birgə tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.Azərbaycanın təhlükəsizlik siyasətində strateji tərəfdaşlarla əməkdaşlıq da mühüm yer tutur. Müxtəlif dövlətlərlə koordinasiyalı fəaliyyət təhlükəsizlik sisteminin funksionallığını daha da artırır. Nəticədə ölkənin təhlükəsizlik mexanizmi daha effektiv şəkildə fəaliyyət göstərir”.


Azər Allahverənovun sözlərinə görə, özünü müdafiəyə hazır olmaq prinsipi də müasir beynəlxalq münasibətlər sistemində mühüm tendensiyalardan biri hesab olunur:


“Bu yanaşma dövlətin milli maraqlarına əsaslanmaqla yanaşı, iqtidar, xalq, cəmiyyət və ordu birliyinin formalaşdırılmasını da vacib edir. Müasir dövrdə bir çox ölkələrdə bu modelin tətbiq olunduğunu görürük. Güclü dövlət modeli yalnız hərbi güclə deyil, həm də milli birlik və həmrəyliklə formalaşır. Azərbaycan nümunəsi də bu baxımdan diqqət çəkir.Bu gün müxtəlif ölkələrin ekspert dairələri və analitik mərkəzləri Azərbaycan Ordusunun peşəkarlığını, ordu-xalq birliyini və dövlətin müəyyən etdiyi strateji hədəflərə çatmaq bacarığını xüsusi vurğulayırlar. Dövlətin iqtisadi resurslarının gücləndirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi, müasir texnologiyalar və silahlarla təminat ordunun potensialını artırır.Müasir dövrdə xüsusilə bəzi Qərb ölkələrinin NATO ilə bağlı münasibətlərində müəyyən dəyişikliklər müşahidə olunur. Bir sıra dövlətlər artıq öz müdafiə sistemlərini daha müstəqil şəkildə qurmağa çalışır və bu məqsədlə müdafiə büdcələrini artırırlar. Almaniya bu məsələdə nümunə göstərilə bilər. Əvvəllər əsasən NATO-nun təhlükəsizlik çətirinə arxalanan dövlətlər indi öz milli müdafiə sistemlərini gücləndirməyə üstünlük verirlər.Müasir geopolitikada dövlətlərin gücü ilk növbədə onların iqtisadi qüdrəti ilə müəyyən olunur. Güclü iqtisadiyyata malik olan dövlətlər beynəlxalq münasibətlər sistemində daha təsirli mövqeyə sahib olurlar. Azərbaycanın da keçdiyi yol bunu açıq şəkildə göstərir.Birinci Qarabağ müharibəsi dövründə ölkə həm hərbi, həm də siyasi baxımdan ciddi çətinliklərlə üzləşmişdi. Daxildə siyasi qarşıdurmalar, hakimiyyət uğrunda mübarizə, mərkəzi hakimiyyətin zəifləməsi və cəmiyyətdə parçalanmalar vahid dövlət siyasətinin qurulmasına mane olurdu. Bunun nəticəsində Azərbaycan ağır itkilərlə qarşılaşdı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əsas məqsəd güclü mərkəzi hakimiyyət formalaşdırmaq və vahid dövlət sistemi qurmaq idi. Paralel şəkildə iqtisadi inkişafın təmin olunması üçün mühüm addımlar atıldı. 1994-cü ildə atəşkəsin əldə olunması və “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Xarici şirkətlərin ölkəyə investisiya yatırmaq marağı artdı və nəticə etibarilə həm iqtisadiyyat, həm də ordu quruculuğu sahəsində yeni reallıqlar formalaşmağa başladı”.


Ədilə Hüseynzadə

#əliyev: #xəbər #azərbaycan #gündəm #artdığı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər