İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Bakıda keçirilməsi Azərbaycanın İslam dünyasındakı diplomatik əlaqələrinə əlavə imkanlar yarada bilər:
“Azərbaycan artıq OIC çərçivəsində fəal rol oynayır və 2027-ci il sammitinin Bakıda keçirilməsi üzv dövlətlərin ölkəyə olan etimadının göstəricisi kimi təqdim olunur. Bu platforma Azərbaycanın həm siyasi, həm də iqtisadi məsələlərdə daha geniş dialoq aparmasına şərait yarada bilər. Xüsusilə nəqliyyat, enerji, ticarət, investisiya və humanitar əməkdaşlıq istiqamətləri ön plana çıxa bilər. Azərbaycanın üstünlüklərindən biri Türk dünyası ilə İslam dünyası arasında əlaqələr üçün coğrafi və siyasi körpü rolunu oynaya bilməsidir. Mərkəzi Asiya ölkələrinin bir hissəsi həm türk, həm də müsəlman kimliyinə malikdir. Azərbaycan isə Türkiyə və digər türk dövlətləri ilə sıx əlaqələrə sahibdir. Bu amil Bakı üçün iki platforma arasında əməkdaşlığın genişləndirilməsi baxımından əlavə imkan yaradır”.
Politoloq həmçinin bunu da qeyd edib ki, belə yanaşma nəqliyyat və logistika layihələrinə də təsir göstərə bilər:
“Orta Dəhliz, Xəzər üzərindən bağlantılar, enerji marşrutları və rəqəmsal əlaqələr üzrə İslam və Türk dünyası ölkələri arasında daha geniş əməkdaşlıq formalaşa bilər. Eyni zamanda Azərbaycan Bakıdakı beynəlxalq toplantılardan istifadə edərək müxtəlif dövlətlər arasında siyasi dialoqun inkişafına və humanitar əməkdaşlığın güclənməsinə şərait yarada bilər. Burada əsas məsələ Azərbaycanın özünü yalnız regional tərəfdaş kimi deyil, müxtəlif coğrafiyaları birləşdirən diplomatik platforma kimi təqdim etməsidir. 2027-ci ildə Bakının OIC Zirvəsinə ev sahibliyi etməsi də bu istiqamətdə mühüm diplomatik imkan yaradır”.
Güllər Gülhüseynova