İlham Əliyev nəqliyyat məsələsinə münasibət bildirib
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində Bakının yol-nəqliyyat sistemi və mikromobillik sahəsində aparılan işlərdən danışıb. Dövlət başçısı bildirib ki, şəhərin yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib, 10 yeni metro stansiyasının yeri müəyyən olunub və əlavə iki depo tikiləcək. Mövcud metro stansiyalarında optimallaşma layihələri icra olunur, həmçinin bəzi küçələr yalnız piyadalar üçün təşkil edilir. Prezident vurğulayıb ki, mikromobillik və ictimai nəqliyata üstünlük verilməsi ilə yanaşı, Bakıda yeni ictimai yerlərin yaradılması da geniş vüsət alıb.
Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində AzMİU-nun "Nəqliyyat" fakültəsinin baş müəllimi t.u.f.d. Bulud Bağırov bildirib ki, beynəlxalq təcrübənin tətbiqi Bakı şəhərinin nəqliyyat sisteminin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı inkişafına şərait yarada bilər:
“Əsas üstünlükləri inkişaf edən ölkələrin təcrübəsinə əsaslanan “ağıllı nəqliyyat sistemləri” (ITS) tətbiqi ilə tıxacların azalması, hərəkət vaxtının qısalması və yanacaq sərfiyyatının azalması mümkünlüyündən nəqliyyat axını optimallaşmasıdır. (London, Sinqapur kimi şəhərlərdə olduğu kimi) vahid elektron ödəniş sistemləri və inteqrasiya olunan marşrut planlaşdırması tətbiq edilərsə, Bakı sakinləri üçün ictimai nəqliyyat daha cəlbedici və rahat olar və ictimai nəqliyyatın səmərəliliyi artar. Elektrikli avtobuslar, velosiped yolları və piyada zonalarının genişləndirilməsi kimi beynəlxalq təcrübələr havanın çirklənməsini azaldar və şəhərin ekoloji balansını yaxşılaşdırılması ekoloji təmiz olan nəqliyyat növləri artmasına səbəb olar. Skandinaviya ölkələrinin “Vision Zero” strategiyasına uyğun olaraq, yol-nəqliyyat hadisələrinin və ölümlərin minimuma endirilməsi üçün texnoloji və təşkilati tədbirlər görülməsi nəticəsində yollarda təhlükəsizlik artar. Bakıda və ümumilikdə Azərbaycanda bu sahədə bir sıra sistemli və texniki çətinliklər mövcuddur:Yeni yolların salınması və genişləndirilməsi zamanı torpaq sahələrinin alınması, kommunikasiya xətlərinin köçürülməsi və tikinti məhdudiyyətləri torpaq və planlaşdırma problemləri yarada bilir. Maliyyə məhdudiyyətləri ola bilir, yəni böyük infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün tələb olunan büdcə yüksək olur. Bəzi layihələr xarici investisiyadan asılı qalır. Şəhər sıxlığı və məkan çatışmazlığı baş verə bilər, xüsusən mərkəzi ərazilərdə yeni yol və dayanacaq yerləri üçün məkanın az olması layihələrin icrasını çətinləşdirir. Avtobus, metro, taksi və digər nəqliyyat növləri arasında koordinasiyanın zəif olması səmərəliliyi azaldır və inteqrasiya problem yaradır. Müasir nəqliyyat idarəetmə sistemlərinin tətbiqində texniki bilik çatışmazlığı və idarəetmədə koordinasiyanın zəifliyi müşahidə olunur, bu da texnoloji və idarəetmə çətinlikləri yaradır. Şəxsi avtomobildən imtina etməyə hazır olmayan sürücülər və ictimai nəqliyyata inamsızlıq problemləri də ictimai münasibətə və davranış amillərinə mənfi təsir edir”.
Ədilə Hüseynzadə
