"İlham Əliyev Qafqazda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"
"Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir".
Bunu Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərif "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində deyib.
Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə “İnformator.az” a açıqlamasında bildirib ki ,Azərbaycan-Pakistan əlaqələri çox dərin tellərlə bir-birinə bağlıdır:
“Azərbaycan müstəqillik əldə etdikdən sonra onu tanıyan ölkələr arasında Türkiyə və Rumıniyadan sonra üçüncü ölkə Pakistan olmuşdur. Bu, iki ölkə arasında münasibətlərin tarixən səmimi və etibarlı əsaslar üzərində qurulduğunu göstərir. Diplomatik əlaqələrimiz illər ərzində ardıcıl şəkildə inkişaf etmiş və bu gün ən yüksək səviyyədə artan dinamika ilə davam etməkdədir. Pakistan Azərbaycan üçün dost və qardaş ölkədir. İki ölkə arasında Bakı Bəyannaməsi imzalanıb və bu sənəd münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də sıx əməkdaşlıq mövcuddur. Strateji tərəfdaşımız olan Pakistan hər zaman Azərbaycanın yanında olub və beynəlxalq platformalarda, o cümlədən BMT çərçivəsində, Azərbaycanın həyata keçirdiyi siyasəti ardıcıl şəkildə dəstəkləyib. Dünən Pakistanın Baş Naziri Şahbaz Şərif Azərbaycan Prezidenti və Azərbaycan dövləti haqqında xoş fikirlər səsləndirib, Prezidentimizi mükafata layiq görülməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidentinə təqdim edilən bu mükafat onun regional və qlobal müstəvidə sülhə və sabitliyə verdiyi mühüm töhfənin göstəricisi kimi qiymətləndirilməlidir. Beş il əvvəl Azərbaycan Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə faktiki olaraq regionda mövcud reallıqları dəyişdi. Bu gün formalaşmış reallıqlar fonunda Azərbaycan regionun siyasi, iqtisadi və hərbi baxımdan lider, ən güclü dövlətlərindən biridir. Azərbaycanı güclü edən əsas amillərdən biri də onun qurduğu möhkəm dostluq və tərəfdaşlıq münasibətləridir. Qardaş Türkiyə, Pakistan, İsrail və digər aparıcı dövlətlərlə strateji müttəfiqlik səviyyəsində inkişaf edən əlaqələr ölkəmizin mövqelərini daha da möhkəmləndirir. Eyni zamanda Azərbaycan regionda reallıqları dəyişməklə yanaşı, sülh və sabitliyin təminatçısı kimi çıxış edir. Bu prosesdə Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət xüsusi rol oynayıb. Sülhə və sabitliyə göstərilən ardıcıl dəstək, regionda mövcud münaqişələrin həlli istiqamətində Azərbaycanın müxtəlif beynəlxalq platformalarda fəal iştirakı ölkəmizi mühüm regional və qlobal aktora çevirib. Gələcəkdə Pakistan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi Azərbaycanın mövqelərinin möhkəmlənməsinə və daha qüdrətli dövlət kimi inkişafına ciddi töhfə verəcək”.
Selcan Xudiyeva
