İlham Əliyev Trampa təşəkkür edib: Strateji tərəfdaşlıqda yeni səhifə
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib.
Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan və ABŞ arasında qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanan münasibətlər təşəkkür məktubunda da öz əksini tapıb:
“İkitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoymasına mühüm töhfə verə bilər. Belə bir diplomatik təşəkkür mesajı, hər iki dövlət başçısı səviyyəsində siyasi dialoqun aktiv saxlanıldığını, enerji təhlükəsizliyi, regional sabitliyin təmin olunması və terrorla mübarizə kimi qlobal əhəmiyyətli sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə verilən dəyəri bir daha nümayiş etdirir. Bu cür yüksək səviyyəli siyasi jestlər həm də tərəflərin bir-birinin maraqlarına və suverenliyinə olan yanaşmasını vurğulayaraq, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi, xüsusilə də "yaşıl enerji" layihələri və regional kommunikasiya xətlərinin inkişafı üçün etibarlı zəmin yaradır. Nəticə etibarilə, dövlət başçıları arasındakı bu xoşməramlı təmaslar gələcəkdə həm ikitərəfli, həm də beynəlxalq müstəvidə Azərbaycan-ABŞ tərəfdaşlığının daha dinamik və dayanıqlı inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək strateji bir addım kimi qiymətləndirilir”.
Nurgün Qənizadə