“İlham Əliyev və Paşinyan yaxşı liderlərdir”
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanı “yaxşı liderlər” adlandıraraq Bakı ilə İrəvan arasında sülh prosesində əldə olunan irəliləyişə toxunub. Tramp bu münaqişənin nizamlanmasında ABŞ-nin rolunu vurğulayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Cənubi Qafqazda münaqişələr başlayandan indiyə qədər hələ heç vaxt olmayıb ki, münaqişə tərəflərinə ABŞ Prezidentləri səviyyəsində bu cür münasibət göstərilsin:
“Yəni həmişə Amerikanın liderləri bu bölgədə münaqişələrdən danışanda bu və ya digər dövlətin siyasətinə və başçısına üstünlük verən simpatiya və ya loyal münasibətini ifadə edib. Amma ilk dəfədir ki, Tramp bu bölgədə Azərbaycan və Ermənistan rəhbərlərinə demək olar ki, eyni münasibət bəsləyir.
Bu münasibətin eyniliyi onunla izah olunur ki, Tramp hər iki Prezidentin apardığı siyasətə anlayışla yanaşır və eyni zamanda hər iki dövlət başçısının siyasətində ABŞ-nin maraqları ilə uzlaşma görür. Bu uzlaşma isə bölgədə Amerikanın rolunun və təsirinin artırılması məqsədinə xidmət edir. Trampın Azərbaycan və Ermənistan liderlərini “ən yaxşı liderlər” adlandırması təsadüfi deyil. Bu, onunla bağlıdır ki, hər iki ölkənin rəhbərliyi Trampın istədiyi kimi bölgədə sülhün bərqərar olunmasında maraqlıdır. Çünki bölgədəki sülh şəraiti ABŞ-nin Qafqazda manevr imkanlarını artırır. Həmçinin hər iki dövlət başçısı Qafqazda mümkün qədər müstəqil siyasət aparmağa meyllidir. Azərbaycanın müstəqil siyasəti artıq illərdir davam edir, Ermənistan isə praktikada dövlətin müstəqil və kimsəyə asılı olmadan siyasət aparmasının üstünlüklərini görməyə və dəyərləndirməyə başlayır.
Ona görə də, Tramp bu cür bəyanat verməklə hər iki liderin apardığı siyasəti həm qəbul etdiyini nümayiş etdirir, həm də bu siyasətlərə bundan sonra da dəstək verəcəyini açıq göstərir. Bu bəyanat Trampın Azərbaycanın və Ermənistanın indiki siyasətinə açıq dəstəyinin ifadəsi kimi də qəbul oluna bilər".
Reyhan Quliyeva
