İlham Əliyevdən Türkiyə mesajı: Birgə fəaliyyətimiz sabitliyi gücləndirir
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə ilə Azərbaycanın birgə fəaliyyətinin mövcud mürəkkəb geosiyasi şəraitdə regionda və dünyada sabitliyi daha da gücləndirdiyini bildirib.
Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərini qəbul edib.
Qəbul zamanı çıxış edən İlham Əliyev TDT-yə üzv ölkələrin liderlərinin təşkilatın beynəlxalq müstəvidə rolunun və mövqeyinin gücləndirilməsi ilə bağlı ortaq mövqeyə malik olduğunu bildirib.
Prezident TDT ölkələrindən beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat marşrutları, eləcə də dəhlizlərin keçdiyini xatırladaraq, enerji təhlükəsizliyinin və nəqliyyat əlaqələrinin təhlükəsizliyinin vacibliyini vurğulayıb.
İlham Əliyev Azərbaycanın ikitərəfli gündəliyində prioritetin ilk növbədə türk dünyası ölkələri olduğunu qeyd edib və daha əvvəl səsləndirdiyi “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikrini xatırladıb.
TDT-nin ortaq etnik köklərə malik ölkələri bir araya gətirməsinin mühüm üstünlük olduğunu bildirən İlham Əliyev dünyada bu xüsusiyyətə malik təşkilatların çox olmadığını deyib.
Prezident təşkilatın uğurlu inkişafının digər mühüm amilinin üzv ölkələrin ərazilərində sabitlik, sülh və təhlükəsizliyin hökm sürməsi olduğunu bildirib.
“Bugünkü siyasi və xarici siyasət reallıqlarında bu, inkişafın mühüm amilidir. Çünki məlum olduğu kimi, sabitlik və təhlükəsizlik olmadan heç bir ölkənin inkişafı mümkün deyil”, – deyə İlham Əliyev qeyd edib.
O, siyasi və iqtisadi sabitliyin olmadığı ölkələrə investisiya, texnologiya və innovasiyaların gəlməyəcəyini vurğulayıb. Bunun TDT ölkələrini yerləşdikləri regionlardakı digər dövlətlərdən fərqləndirən mühüm amil olduğunu bildirib.
İlham Əliyev üzv ölkələrin təhlükəsiz iqtisadi artım nümayiş etdirdiyini qeyd edərək, TDT coğrafiyasında sənaye istehsalının artması, iqtisadi göstəricilər və sabit maliyyə sistemlərinin müsbət dinamikanı göstərdiyini deyib.
Prezident üzv ölkələrin geniş coğrafiyasında ictimai asayişin təmin edildiyini və müxtəlif terror təhdidlərinin nəzarətdə saxlanıldığını bildirib. Bununla belə, vəziyyətin arxayınlığa səbəb olmamalı olduğunu vurğulayıb.
Ətraf bölgələrdə müharibələrin davam etdiyini və onların nə vaxt başa çatacağının məlum olmadığını deyən İlham Əliyev müharibələrin coğrafiyasının genişləndiyini bildirib.
“Azerbaycan'ın kuzeyinde ve güneyinde savaşan ülkelerin bulunduğuna” diqqət çəkən Prezident bu baxımdan regional təhlükəsizliyin əhəmiyyətini vurğulayıb.
İlham Əliyev təhdidlərin yalnız fiziki deyil, ideoloji xarakter də daşıdığını bildirərək, ölkələrə və xalqlara qarşı ideoloji təxribatlarla birgə mübarizə aparılmasının vacibliyini qeyd edib.
Prezident bəzi media qurumlarının ölkələrin sərhədlərindən uzaqda yerləşməsinə baxmayaraq, müəyyən mərkəzlər tərəfindən maliyyələşdirildiyini iddia edib. Onun sözlərinə görə, bu qurumlar dövlət institutlarının zəiflədilməsi, ictimai həmrəyliyin pozulması və xarici narrativlərin, eləcə də dəyərlərin cəmiyyətlərə qəbul etdirilməsi istiqamətində fəaliyyət göstərirlər.
İlham Əliyev Azərbaycanın bu cür təşəbbüslərə qarşı fəal mübarizə apardığını bildirərək, “Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməliyik”, – deyə bildirib.
Türkiyə-Azərbaycan münasibətləri
İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin xüsusi yerə və rola malik olduğunu vurğulayaraq, iki ölkə arasındakı əlaqələrin dünyada analoqunun olmadığını bildirib.
Prezident münasibətlərin tarix, mədəniyyət, siyasi maraqlar, təhlükəsizlik, enerji, nəqliyyat və xalqlar arasındakı əlaqələr də daxil olmaqla çoxsaylı sahələri əhatə etdiyini qeyd edib.
“Türkiyə-Azərbaycan münasibətləri bu gün dünyada və regionumuzda çox mühüm amildir. Birgə fəaliyyətimiz, xüsusilə mövcud mürəkkəb geosiyasi şəraitdə, regionumuzda və dünyada sabitliyi daha da gücləndirir”, – deyə İlham Əliyev bildirib.
2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində imzaladığı Şuşa Bəyannaməsini iki ölkə münasibətlərinin zirvəsi kimi qiymətləndirən İlham Əliyev, Azərbaycan və Türkiyənin əvvəldən müttəfiq olduğunu, lakin bəyannamənin bu müttəfiqliyi rəsmiləşdirdiyini deyib.
Şuşa Bəyannaməsinin imzalanmasından beş ildən artıq vaxt keçdiyini bildirən Prezident “Hər il, hər ay birliyimiz daha da möhkəmlənir və dünyada oynadığımız rol daha da güclənir. Bu, münasibətlərimizin inkişafının mühüm göstəricisidir”, – ifadələrini işlədib.
Qəbulda Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş də iştirak edib.
Mənbə: HABER GLOBAL