00:00:00
Yazar
Zəhra Həsənova
01.09.2026 22:05 109 2 dəq oxuma
Siyasət

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü - ŞƏRH

İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü - ŞƏRH

Qırğızıstanın paytaxtı Bişkek şəhərində avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq kifayət qədər çoxşaxəlidir:

 

“Nəqliyyat, logistika və Qazaxıstan neftinin az bir hissəsinin də olsa, Azərbaycan üzərindən Avropaya nəqli kimi çox vacib sahələri əhatə edir. Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji əməkdaşlığı sahəsində də birgə işlər həyata keçirirlər. Türk Dövlətləri Təşkilatına gəldikdə isə, hər iki ölkə təşkilatın qurucu üzvlərindəndir. Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsində və güclənməsində mühüm xidmətləri olan dövlətlərdəndir. Təşkilatın müxtəlif strukturlarının və mərkəzlərinin fəaliyyət göstərməsi, Türk Parlament Assambleyasının Bakıda, Türk Akademiyasının isə Qazaxıstanda yerləşməsi onu deməyə əsas verir ki, hər iki ölkənin Türk Dövlətləri Təşkilatının inkişafına bundan sonra da böyük töhfələri olacaq”.

 

Politoloqun sözlərinə görə, Bişkekdə keçirilən hər iki ölkə liderinin görüşü dövlət başçılarının şəxsi münasibətlərinin də yüksək səviyyədə olmasının göstəricisidir:

 

“Bütün beynəlxalq tədbirlərdə və mötəbər toplantılarda hər iki ölkənin liderləri, vaxt imkan olduğu təqdirdə, rəsmi görüşlər keçirir, bu mümkün olmadıqda isə ayaqüstü də olsa, fikir mübadiləsi aparırlar. Bu artıq bir ənənə halını alıb. Hesab edirəm ki, bu görüşdən sonra Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın növbəti mərhələsi, Azərbaycanla Özbəkistan arasında əldə olunan Əbədi Dostluq Müqaviləsi kimi, yeni bir əməkdaşlıq modelinin yaranmasına gətirib çıxaracaq”.

 

Selcan Xudiyeva

#görüşü #prezidenti #bişkekdə #i̇lham
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər