İmtahan öncəsi stress
İmtahan dövrü tələbələrin psixoloji və kognitiv fəaliyyətinin ən yüksək səviyyəyə çatdığı mərhələ hesab olunur. Təhsil psixologiyasına görə, bu dövrdə stress hormonlarının artması yaddaş, diqqət və qərarvermə proseslərinə birbaşa təsir göstərir. Xüsusilə, yüksək nəticə gözləntisi olan tələbələrdə narahatlıq səviyyəsi yüksəlir və bu, həm öyrənmə qabiliyyətinə, həm də performansa təsir edə bilər.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında psixoloq Sibel Priyeva bildirib ki, stress bizi həyatda yaşamağa təşviq edən əsas amillərdən biridir:
“Bu səbəbdən stress həyatın ayrılmaz hissəsidir və istənilən mühitdə yaşana bilər. Abituriyentlərdə yaddaş və diqqət problemlərinin yaranmasının əsas səbəblərindən biri onların həm məktəbə, həm də hazırlıq kurslarına getməsidir. Üstəlik, bir fəndən digər fənnə tez-tez keçmək, gündə 5-6 fənn üzrə dərsə hazırlaşmaq onların zehni yüklənməsini artırır. Bu isə diqqət dağınıqlığına və yaddaş problemlərinə səbəb olur. Bu vəziyyətdə streslə yanaşı narahatlıq da yaranır: “Qəbul ola biləcəyəmmi?”, “Dərslərə çatdıra biləcəyəmmi?” kimi düşüncələr onları daim gərgin saxlayır".
Ekspertin sözlərinə görə, bu fikirlər stresin üzərinə əlavə həyəcan gətirir:
"Bu isə birbaşa imtahan nəticələrinə təsir edir. Abituriyentlər bildiklərini unudur, sadə suallarda belə səhv edirlər. Məhz bu səbəbdən imtahana hazırlıq yalnız zehni deyil, həm də psixoloji olmalıdır. Bu dövrdə abituriyentlər müəllimlərindən, ailələrindən və dostlarından dəstək gözləyirlər. Onlar bu yolda tək olmadıqlarını hiss etmək istəyirlər. Yeniyetməlik dövründə olduqları üçün bu ehtiyac daha da güclənir. Ailə tərəfindən göstərilən təzyiq isə vəziyyəti daha da ağırlaşdırır və diqqətə, yaddaşa mənfi təsir edir. Bir çox abituriyent belə düşünür: “Yaza bilməsəm, ailəmin üz qarası olaram”, “Məni başqalarının yanında utandırarlar”. Bu kimi düşüncələr onların özlərinə deyil, başqalarının gözündə necə görünəcəklərinə fokuslanmalarına səbəb olur. Abituriyentlərə tövsiyə edilə bilər ki, hansı öyrənmə üsulunun onlar üçün daha uyğun olduğunu müəyyən etsinlər. Bunu psixoloqla birlikdə dəqiqləşdirmək olar: kimisi görərək, kimisi eşidərək, kimisi isə qeydlər apararaq daha yaxşı öyrənir. Psixoloji hazırlıq imtahandan xeyli əvvəl başlamalıdır”.
Səadət Əlizadə
