"İnflyasiya alıcılıq gücünü azaldır və bazarda tələbi dəyişir"
Son aylarda müşahidə olunan qiymət artımı və inflyasiya göstəriciləri həm əhalinin istehlak davranışına, həm də sahibkarlıq subyektlərinin gəlir strukturuna əhəmiyyətli təsir göstərir.
İqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib:
“Təbii ki, inflyasiya istehlakçıların alıcılıq qabiliyyətini azaldır. Xüsusən də sabit gəlirə malik olan şəxslər inflyasiyadan daha çox zərər görürlər. Belə insanlar gəlirlərini inflyasiya səviyyəsinə uyğun artıra bilmədikləri üçün onların real alış gücü azalır”.
Qiymət artımı şəraitində vətəndaşlar ilk növbədə baza ehtiyaclarını — ərzaq, kommunal xidmətlər və nəqliyyat xərclərini qarşılamağa üstünlük verirlər:
“İnflyasiya artdıqca insanlar əsas ehtiyaclarını ödəməyə çalışırlar. Ərzaq, kommunal xidmətlər və nəqliyyat kimi zəruri sahələrə çəkilən xərclər artır. Bu zaman uzunmüddətli istifadə mallarına, məsələn, məişət texnikasına və ya daşınmaz əmlaka tələbat azalır. Nəticədə bazarda digər sahələrin satış göstəriciləri zəifləyir".
İstehlakçıların alıcılıq gücü dəyişdikcə sahibkarların bazar davranışı da formalaşır:*
“Alıcıların real alış gücü dəyişdiyi üçün onların davranışı da fərqlənir. Sahibkarlar satış strategiyalarını və qiymət siyasətlərini yeni iqtisadi şəraitə uyğunlaşdırmalıdırlar".
İnflyasiyanın davamlı olduğu dövrdə həm dövlət, həm də biznes sektoru koordinasiyalı addımlar atmalıdır:
“Kiçik sahibkarlığa başlamaq istəyənlər ilk növbədə potensial imkanlarını düzgün qiymətləndirməlidir”.
Ekspert kiçik sahibkarlığın formalaşması və gənclərin bu sahəyə cəlb olunması barədə bildirib:
“Əvvəla, vətəndaş hansı sahədə bacarıqlı olduğunu müəyyənləşdirməlidir. O, imkanlarını düzgün qiymətləndirərək daxil olmaq istədiyi bazarın həcmini, rəqabət səviyyəsini və potensial tələbi analiz etməlidir. Əgər bazarda rəqabət aparmaq imkanlarını dəqiq dəyərləndirərsə, növbəti mərhələdə texniki məsələlərə keçə bilər və bunları asanlıqla həll edə bilər".
Hazırkı bazar şəraitində gənclərin kiçik sahibkarlığa başlaması kifayət qədər realdır:
“Məhz gənclər kiçik sahibkarlıqdan başlamalıdırlar. Birdən-birə böyük biznes qurmaq mümkün deyil. Mikro sahibkarlıq səviyyəsində fəaliyyətə başlamaq daha məqsədəuyğundur. Əvvəlcə sahibkar özü işləyir, sonra tələbat artdıqca əlavə işçilər cəlb olunur".
Xidmət, konsaltinq və onlayn əməliyyat sahələri gənclər üçün xüsusilə əlverişlidir:
“Bu sahələrdə başlanğıc kapital nisbətən az tələb olunur. Əsas məsələ kreativ yanaşma, bazarı düzgün analiz etmək və xidmət keyfiyyətinə fokuslanmaqdır. Bu prinsiplərə əməl olunduğu halda kiçik sahibkarlığın uğurla inkişafı tam realdır".
Nahidə Əmiraslanova
