İngilis dili ana dil səviyyəsində qiymətləndiriləcək
Məleykə Abbaszadə: “Bir müddət sonra ingilis dilini də ana dilimiz səviyyəsində qiymətləndirməyə başlayacağıq”
Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı “İnformator.az”a açıqlamasında qeyd edib ki, ingilis dilinin beynəlxalq dil kimi mövqeyi danılmazdır:
“Bu dilin beynəlxalq standartlar səviyyəsində öyrənilməsi gələcəkdə bütün sahələrdə dünya təcrübəsindən istifadə etməyimiz deməkdir. Xüsusilə xaricdə uzunmüddətli və ya qısamüddətli təhsil alan və ya praktikaya gedən, müxtəlif səpgili sərgilərə, elmi konfranslara, simpoziumlara gedən tələbələrin və müəllimlərin sayını artırar. Hazırda bütün özəl və ya dövlət müəssisələrinin xarici təcrübəyə ehtiyacı var”.
Təhsil ekspertinin sözlərinə görə, bəzən müəssisənin özünə maraqlıdır ki, hansısa işçisini xaricdə təcrübə proqramına, təhsilə və ya ümumiyyətlə iş görüşünə göndərsin:
“Bu zaman ən birinci problem məhz dil məsələsi olur. Buna görə də hazırda istər orta təhsil, istərsə də ali təhsil xarici dil kursunun qarşısında bir əsas vəzifə durur, buda orta təhsildə ingilis dilinin praktiki olaraq danışıq səviyyəsində öyrədilməsi, ali təhsildə isə ingilis dilinin akademik səviyyədə öyrədilməsidir. İngilis dilinin öyrədilməsi üçün məktəblərdə dərs saatlarının daha da artırılması düzgün seçim deyil. Müxtəlif danışıq kurslarının yaradılması, dil dərslərinin öyrədilmə metodlarının dəyişdirilməsi, yeni yanaşmalar və dəstəkləyici mühitlə buna nail olmaq olar”.
Mələk Hüseynova
