İnsan alverinə qarşı mübarizədə institusional güc: Milli Təlim Modulu
Mehriban Zeynalovanın müəllifi olduğu “İnsan alverinə qarşı mübarizədə institusional güc: Milli Təlim Modulu” kitabı, insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumları, ictimai təşkilatlar və peşəkar mütəxəssislərin birgə fəaliyyətini dəstəkləmək məqsədilə hazırlanmışdır.
“Milli Təlim Modulu” sistemli və koordinasiyalı təlim yanaşmasını formalaşdırmaqla insan resurslarının bilik və bacarıqlarının artırılmasına xidmət edir. Onun hazırlanması “İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının 2025-ci il iş planı” əsasında aparılmış və bu sahədə institusional potensialın gücləndirilməsi üçün əsas alətlərdən biri kimi nəzərdə tutulmuşdur.
Modulda insan alverinin formaları, yeni çağırışlar və rəqəmsal istismar növləri, qurbanların psixoloji xüsusiyyətləri, aşkarlanma və müdaxilə üsulları, həmçinin reabilitasiya prosesləri nəzəri və praktiki aspektlərdə əhatə olunmuşdur. Əlavə olaraq, bu təlim modulu dövlət–QHT əməkdaşlığı çərçivəsində hazırlanmış ilk təkmil təlim vəsaiti kimi xüsusi əhəmiyyət kəsb edir.
