İnsan resursları yeni dövrdə: işçi məmnuniyyəti, səmərəlilik və dəyişən əmək bazarı
Rəqəmsallaşma, qlobal əmək bazarındakı dəyişikliklər və yeni nəsil işçilərin gözləntiləri insan resursları idarəçiliyini əvvəlki modellərdən uzaqlaşdırır. Artıq HR təkcə işə qəbul prosesi ilə məhdudlaşmır, eyni zamanda motivasiya, psixoloji rifah, karyera inkişafı və korporativ mədəniyyətin formalaşdırılmasında əsas rol oynayır.
Mövzu ilə bağlı “İnfotmator.az”a açıqlamasında İnsan Resursları üzrə mütəxəssis Sevinc Nəcəfova bildirib ki, son illər insan resursları sahəsi çox ciddi transformasiyadan keçir:
“Rəqəmsallaşma, qlobal əmək bazarının genişlənməsi və xüsusilə yeni nəsil işçilərin gözləntiləri klassik HR yanaşmalarını artıq kifayətsiz edir. Əvvəllər HR daha çox sənədləşmə və işə qəbul prosesləri ilə assosiasiya olunurdusa, bu gün əsas fokus insan faktorudur. İşçi məmnuniyyəti, psixoloji rifah, inkişaf imkanları və sağlam korporativ mədəniyyət artıq HR-ın əsas prioritetlərinə çevrilib. Klassik HR modeli daha çox nəzarətə və prosedurlara əsaslanırdı. Müasir HR isə çevik, empatik və strateji yanaşmanı ön plana çıxarır. Artıq sual “işçi nə etməlidir?” yox, “işçi öz potensialını necə reallaşdıra bilər?” formasındadır. Müasir HR əməkdaşları sadəcə idarə etmir, onları dinləyir, anlayır və inkişaf yolunda müşayiət edir. Eyni zamanda rəhbərlərlə işçilər arasında körpü rolunu oynayır. Bu iki anlayış bir-birindən ayrılmazdır. Məmnun olmayan işçi uzunmüddətli perspektivdə səmərəli ola bilməz. İşçi özünü dəyərli hiss etdikdə, fikirlərinin dinlənildiyini gördükdə və inkişaf üçün şərait olduqda daha motivasiyalı çalışır. Bu da birbaşa olaraq, performans göstəricilərinə və ümumi şirkət nəticələrinə təsir edir. Bu səbəbdən müasir HR üçün məmnuniyyət ölçümü və geri bildirim mexanizmləri çox önəmlidir. Ən geniş yayılan səhvlərdən biri yalnız texniki biliklərə fokuslanmaqdır. Halbuki uyğunluq, dəyərlər və komanda ilə uyğun davranış da ən az bilik qədər vacibdir. Digər bir səhv isə vəzifənin real tələblərinin namizədə düzgün çatdırılmamasıdır. Bu, sonradan məyusluq və yüksək işçi dövriyyəsi ilə nəticələnir. Bəzən də sürətli qərar vermək naminə seçim keyfiyyəti aşağı düşür ki, bu da uzunmüddətli problemlər yaradır. Gənc nəsil üçün maaş vacib olsa da, tək meyar deyil. Onlar çevik iş qrafiki, öyrənmə və inkişaf imkanları, açıq ünsiyyət və sağlam iş mühiti axtarırlar. Eyni zamanda iş-həyat balansı və psixoloji rahatlıq onlar üçün prioritetdir. Gənclər artıq yalnız “iş yeri” deyil, dəyər gördükləri və mənalı hesab etdikləri bir mühitdə çalışmaq istəyirlər. HR daha çevik və innovativ olmalıdır. Standart yanaşmalar yerini fərdi yanaşmalara verməlidir. Təlim və inkişaf proqramları, mentorluq, daxili rotasiya imkanları və açıq kommunikasiya kanalları bu prosesdə əsas alətlərdir. HR-ın rolu artıq yalnız idarə edən deyil, eyni zamanda yönləndirən və dəstək olan tərəfdir. İnsan resursları sahəsində uğur qazanmaq üçün insanı sevmək və anlamaq əsas şərtdir. Qaydaları bilmək vacibdir, amma empati qurmaq daha vacibdir. Dəyişən dünyaya uyğunlaşmaq, daim öyrənmək və insan faktorunu mərkəzdə saxlamaq HR mütəxəssislərinin əsas gücüdür”.
Banuçiçək Məmmədova
