00:00:00
Yazar
Admin User
04.11.2025 18:55 145 2 dəq oxuma
Sosial

İnsani dəyərlər və sosial vicdan: cəmiyyətin ən böyük ehtiyacı

İnsani dəyərlər və sosial vicdan: cəmiyyətin ən böyük ehtiyacı

Cəmiyyətin gücü yalnız iqtisadi göstəricilərlə deyil, həm də mənəvi dəyərlərlə, sosial məsuliyyət hissi ilə ölçülür. Bəzən bir cəmiyyətin inkişaf səviyyəsini onun ən zəif təbəqələrinə münasibət müəyyən edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında uşaq və qadın haqlarının qorunması sədri Mehriban Zeynalova bildirib ki, sosial məsuliyyət Azərbaycanda cəmiyyətin kollektiv yaddaşından, ailə və qonşuluq dəyərlərindən doğan, lakin müasir dövrdə dövlət, biznes və vətəndaş cəmiyyəti üçbucağında yenidən mənalandırılan bir anlayışdır:

 

“Azərbaycanda sosial məsuliyyət təkcə dövlətin və ya biznesin vəzifəsi deyil-bu, həm də fərdin öz ətrafına, təbiətə və gələcək nəsillərə qarşı etik münasibətidir. Xüsusilə QHT-lərin, qadın təşəbbüslərinin və sosial layihələrin artması ilə bu anlayış getdikcə daha çox empatiya və vətəndaşlıq mədəniyyəti səviyyəsinə yüksəlir. İnsan yönümlü yanaşma o zaman formalaşır ki, dövlət və ictimai təşkilatlar (QHT-lər, birliklər, sosial təşəbbüslər) arasında münasibətlər idarəetmə mərkəzli deyil, insan mərkəzli model üzərində qurulur. Yəni qərarların əsasında göstəricilər yox, insan taleləri və ehtiyacları dayanmalıdır.

 

Bu yanaşmanın əsas prinsipi “proqram üçün insan yox, insan üçün proqram” fəlsəfəsidir. Dövlət strukturları normativ çərçivə və resurs təminatını həyata keçirir, ictimai təşkilatlar isə sahə təcrübəsi və ictimai etimad kanalı kimi rol oynayır. Əgər bu iki sahə sinxron işləsə, sosial xidmətlər daha məqsədyönlü və şəffaf olur”.

 

Müsahibimiz həmçinin bildirib ki, əslində, bu əməkdaşlıq modelində əsas məqsəd idarəetməni insana yaxınlaşdırmaq, vətəndaşı siyasətin obyekti deyil, subyekti kimi qəbul etməkdir:

 

“Şəffaflıq və inam yalnız hesabatlılıq forması deyil. Bu, idarəetmənin mənəvi dayağı və cəmiyyətlə etimad körpüsüdür. Onun möhkəmlənməsi üçün qurumlar həm institusional, həm də mədəni səviyyədə dəyişikliklər həyata keçirməlidirlər. Şəffaflıq və inam sadəcə hesabatla deyil, davranış mədəniyyəti ilə ölçülür. İnsanların inamı o zaman bərpa olunur ki, qurumlar gizlətməkdən çox izah etməyi, müdafiə olunmaqdan çox dinləməyi, hesabat verməkdən çox paylaşmağı öyrənirlər”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər