“İnsanı insan edən dəyərləridir” - Arzu Bağırova
Qədim tariximiz sübut edir ki,minillərdən bəri xalqımızın yanında olan,onu dəstəkləyən,cəmiyyətimizin inkişafında və maariflənməsində rolu olan böyük ustadlarımız, şairlərimiz, xeyriyyəçilərimiz, ziyalılarımız olmuşdur. Bu doğma vətən düşmənlə savaşan qəhrəman igidlərlə yanaşı cəhalətlə, geriliklə savaşan ziyalılar da böyütmüşdür. Müasir dövrümüzdə də bu kimi insanların rolu artmaqdadır. Yardıma ehtiyacı olan insanlara əl uzadan, sosial layihələrə dəstək verən şəxslər içərisində tanınmış “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” ictimai birliyinin (RHİM) sədri Arzu Bağırova xüsusi yer tutur. Onun fəaliyyəti minlərlə insana ümid və dəstək olub. Bu müsahibəmizdə Arzu xanımla fəaliyyətindən, şəxsi motivasiyasından və gələcək planlarından danışdıq.
Arzu xanım, sizi tanımaq istərdik. Özünüz və fəaliyyətiniz barədə qısa məlumat verə bilərsinizmi?
Mən, Bağırova Arzu "Regional Hüquqi və İqtisadi Maariflənmə" ictimai birliyinin sədriyəm. Bizim təşkilatımız artıq 7 ildir fəaliyyət göstərir. Bu 7 ildə özümüz üçün ayrıca fəaliyyət istiqamətimiz var. Bir az bunun haqqında informasiya verim. Kifayət qədər böyük işlərə imza atmışıq. Hər zaman ən böyük hədəfimiz Qarbağ həqiqətlərini ictimaiyyətə çatdırmaq idi. Getdiyimiz bütün tədbirlərdə, platformalarda bu həqiqətləri dünyaya çatdırmağa çalışmışıq. Qarabağımızı işğaldan azad etdikdən sonra isə bütün dünyada zəfərimizdən danışmağa başladıq.
Bəli,dediyiniz kimi,Qarabağ həqiqətlərini unutmamalıyıq və hər bir vətəndaşın borcudur ki, bu həqiqətləri dünyaya düzgün şəkildə çatdırsın. Bildiyimiz kimi bir çox layihələrə dəstək verir və yeni layihələrə imza atırsınız. Dəstək olduğunuz layihələr arasında sizə ən çox təsir edən hansı olub?
Bir çox sosial layihələrə dəstək vermişik. Amma bizim Dağlıq Qarabağdakı bölgəmizdə bir layihəmiz var idi. Asudə zamanımızı yaxşı dəyərləndirmək haqda, zərərli vərdişlər barədə bir layihə idi. Bir çox ziyalılarımız burada iştirak etmişdi. Sonda kimin sualı varsa verə bilər dedik. Tədbirin sonunda bir oğlan uşağı əl qaldırdı. Dedi ki, siz o qədər gözəl danışdınız. Mən bilirəm ki, bu vərdişlər zərərlidi. Amma sizdən çox xahiş edirəm ki, bu danışdıqlarınızı gəlib bizim evdə atama da danışasınız.Bu tədbirdən sonra təbii ki, biz lazımlı tədbirləri gördük.Çox ehtimal ki ,atası yanlış yolda idi. Hətta bildiyimizə görə o evdə şiddətdə var idi. Biz gözəl dillə hər şeyi izah etdik. Daha sonra hüquqi çərçivədə də işlər görüldü. O məndə çox ciddi bir iz buraxmışdı ki, uşaq o evdə nələr görür ki, o xahişi bizə etdi.
Həqiqətən də ailə daxili şiddət uşaqların həyatına çox təsir edir. Belə layihələrdən biri də “Qadına şiddətə yox!”adlı layihənizdir. Belə tədbir keçirməyinizin əsas mesajı nə idi və cəmiyyətə hansı təsiri göstərdi?
Bizim “ailə daxili və qadına şiddətə hər zaman yox deyək” adlı tədbirimiz və videoçarxımız olmuşdur. Biz fikirləşdik ki, bu sosial çarxı necə çəkək. Belə qərara gəldik ki, bu çarxda biz kişiləri çəkək. Ancaq hansı kişiləri, gözəl ailəsi olan, şərəfli həyat yolu keçən kişilərimizi çəkdik.Təbii ki, bir çox platformalarda bu video hazırda var. Bu tədbirdə həmçinin Türkiyədə bir çox işlər görən dəyərli qonağımız Haluk Leventdə iştirak edirdi. Və orda tədbirin sonunda mənim çox sevərək işlətdiyim bir ifadə var idi. "Dünyanın yarısı qadınlardan ibarətdir, yarısını isə qadınlar dünyaya gətirir".
Çox gözəl ifadə etdiniz. Məşhur türk sənətkarı Neşet Ertaşın da dediyi kimi “Qadın insandır, biz isə insanoğlu". Bu kimi qadına verilən dəyəri və cəmiyətdəki əvəzsiz yerini çox gözəl şəkildə təqdim edən tədbirlərinizin olması çox gözəldir. Gələcəyimizin davamçılarına də təsiri çox yaxşıdır. Gənclərə bu sahədə hansı tövsiyələri verərdiniz?
Belə deyim, hər zaman iştirak etdiyim televiziya verlişlərində, müsahibələrdə problemlərin çıxış yolunu axtarırıq. İndi biz danışırıq, amma problemlər varmı? Var. Yəni hər sahədə problemlər var. Hüquqlarını bilməyən insanlar, boşluqlar, yolunda olmayan işlər var. Təbii ki, çox işləmək lazımdır. Təşkilatımızın imkanları daxilində bir çox ailələrədə yardım etməyə çalışırq. Bu problemlərin yolunu biz gözəl örnəklərlə almalıyıq. Şəxsən bizim elə gözəl qadın örnəklərimiz var ki, Birinci vitse-prezident Mehriban xanım. Rəhbərlik etdiyi Heydər Əliyev fondu, milli dəyərlərimizə sahib çıxan layihələr. Yəni o qədər gözəl örnəklərimiz var ki, bu rol modellərdən cəmiyyətə çox lazımdı. Mən birinci həlli bunda görürəm. İkinci həll cəmiyyətimizə çox güclü, savadlı analar lazımdı. Mən elə düşünürəm ki, cəmiyyətə faydalı gənclərimizin yetişməsi üçün bizə belə analar lazımdı.
Qeyd etdiyiniz kimi güclü analar cəmiyyətimizin dayağıdır. Sonda oxucularımıza nə demək istərdiniz?
Biz çox şanslı vətəndaşlarıq ki, müstəqil bir dövlətin vətəndaşıyıq. Bir müstəqil vətəndaş olaraq ölkəyə layiqli biri kimi yetişməliyik. Hər kəs olduğu sahədən asılı olmayaraq birinci faydalı olmalıdır. İşini ən doğru və vicdanlı şəkildə görməlisən. Sonra istərdim ki, gənclərimizin adı hər zaman yüksək arenalardan gəlsin. Gəncliyimiz çox uğurlu olsun. Allah dövlətimizi və bayrağımızı qorusun. Bizim ən ali varlığımız müstəqil Azərbaycanımızdır.
Briliant Əzimzadə