İnsanlar dondurula bilər
Təqribən hər il Antarktida, Sibir və dünyanın buz kütləsinə sahib bir neçə ərazisində buzlar təhlükəli həddə əriyir. Bu isə müxtəlif canlıların, kəşflərin aparılmasına şərait yaradır. Son olaraq Sibirdə 46 min il öncə yaşadığı düşünülən bir qrup qurdun, donu açıldıqdan sonra həyata qayıtması alimlərin bir qədər həyəcanlanmasına səbəb olub. Belə ki, bu hadisə illərdir aparılan "İnsanların dondurulması" elmi araşdırmasına böyük köməklik edə bilər.
Sibirin donmuş torpağından çıxarılan, mamontlar dövründə yaşadığına inanılan bir qrup qurd donu açıldıqdan sonra yenidən həyata qayıdıb. Tədqiqatlar nəticəsində "Panagrolaimus kolymaensis" adlı çoxdan nəsli kəsilmiş bir növə aid olan qurdların əslində ölmədikləri, "kriptobioz" adlanan yuxu rejiminə keçdikləri qeyd olunub. Maraqlıdır ki, alimlər əvvəllər sözügedən rejimdə qurdların 40 ildən az yaşaya biləcəyinə inanırdılar. Amma hazırda tapılan qurdların çıxarıldığı buzlu yuvadakı bitkilərin radiokarbonla tanışlığı onların təxminən 46 min yaşında olduğunu göstərir. Bu isə indiyədək aparılan tədqiqatların yarımçıq olduğunu göstərir.
Digər tərəfdən Sibirdə yenidən həyata qayıdan qurdlar gələcək üçün bir neçə elmi tədqiqatın aparılmasına köməklik edə bilər. Bunun ən bariz nümunəsi illərdir alimlərin üzərində işlədiyi "insanları dondurmaq və bir neçə il sonra eyni yaşda həyata qaytarmaq" elmi araşdırmasıdır. İlkin olaraq müalicəsi olmayan xəstəliklərə yoluxan insanların müalicə üsulu tapılana qədər dondurulması, daha sonra həyata qaytarılaraq müalicəsi nəzərdə tutulur. Üstəlik bu üsulun işə yarayacağı təqdirdə insan ömrünün də əhəmiyyətli dərəcədə artırılması mümkün ola bilər.
"İnsanların dondurulması" elmi araşdırmasını hazırda əhəmiyyətli edən əsas məqam insanların digər planetlərə səyahət maraqlarıdır. Belə ki, dünyada təbii sərvətlərin getdikcə azalması, insanların yeni material, maddə və.s axtarması alimlərin kosmosa marağını artırır. Lakin kosmosda hərəkət qabiliyyətinin xeyli aşağı olması səyahətlərin uzunmüddətli olmasına gətirib çıxarır. Misal olaraq Günəş sistemində yerə ən yaxın planet olan Marsa səyahət təqribən 8 ay çəkir. Marsdan sonrakı digər planetlərdə isə bu rəqəm 3 ildən başlayaraq getdikcə artır. Bu amil insanların digər planetlərə çatana qədər su, qida, oksigen, yaşlanma və digər problemlərlə üzləşməsinə səbəb olur."İnsanların dondurulması" elmi araşdırmasının tamamlanacağı təqdirdə uzunmüddətli səyahətlər daha əlçatan olacaq.
Qeyd edək ki, "İnsanların dondurulması" araşdırması hər nə qədər elmi-fantastika kimi görünsə də, indiyənədək bunun bir neçə örnəyinə rastlanılıb. Misal olaraq, Birləşmiş Ştatlarda bir nəfər içkili vəziyyətdə evinə qayıdarkən huşunu itirib və dondurucu soyuğa məruz qalıb. Amma bir müddət sonra donmuş bədəni tapılıb. Buzu açıldıqdan sonra həyata qayıdıb. Üstəlik dondurulma tədqiqatı mütəmadi olaraq qurbağalar üzərində də test edilir. Təqribən 7 ay donmuş vəziyyətdə olsalar da, qurbağalar buzu açıldıqdan sonra yaşaya bilirlər. Bütün bunların fonunda, Sibirdə donmuş vəziyyətdə 46 min yaşayan qurd tapılması, bu cür araşdırmaların əbəssiz olmadığını bir daha sübut edir.
Cavid
