00:00:00
Yazar
Admin User
05.02.2026 17:16 51 2 dəq oxuma
Sosial

İnsanlar niyə “yox” deyə bilmir?

İnsanlar niyə “yox” deyə bilmir?

 

Bəzən bir kəlmə insanın bütün daxili tarazlığını poza bilir. “Yox” deməli olduğumuz anda dodaqlarımızdan “hə” çıxır və biz bunun fərqinə sonradan varırıq. İnsanlar çox vaxt başqasını qorumaq üçün özlərini arxa plana atırlar. Qarşısındakını incitməmək naminə deyilən bir “hə” isə bəzən insanın özünü incitməsi ilə nəticələnir. Bəs niyə “yox” demək əvəzinə “hə” deyirik?

 

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova “İnformator.az”a açıqlamasında bildirib ki, insanların istəmədikləri halda “hə” deməyə meyilli olmasının başlıca səbəblərindən biri emosional empatiyadır:

 

“Emosional empatiyada insan özünü qarşısındakı adamın yerinə qoyur. Nəticədə, şüuraltı şəkildə gözləmə mövqeyində olur və müəyyən gözlənti yaranır. Bu gözləntinin içərisində isə görürük ki, insanlar belə hallarda əziyyət çəkir və sonradan peşman olurlar: “Axı mən niyə ‘hə’ dedim?” Digər tərəfdən, insanların “hə” deməsinin ikinci səbəbi istəmədikləri halda məcbur vəziyyətdə qalmaqdır. Məcburiyyət şəraitində deyilən “hə” bəzən uğurlu nəticə də verə bilər. Deyirlər ki, “O, heç o zaman ‘hə’ demək istəməyib”. Məsələn, burada məcburi evlilikləri nəzərdə tuturam. Bu cür məcburi “hə”lərin içərisində xoşbəxtliyi tapanlar da var. Bəzən isə insanlar bu vəziyyəti “Məni məcbur evləndiriblər” kimi ifadə edirlər. Situasiyalardan asılı olaraq belə vəziyyətin yaranması bəzən insanları “hə” deməyə vadar edir. Bu halı orta məktəbdə uşaqlarla bağlı misalda da görə bilərik. Məsələn, uşaqlardan soruşanda ki: “Sən niyə kitabını verdin?", uşağın verdiyi cavaba baxırıq. Elə uşaq var ki, deyir: “İstədim ki, o da dərsindən beş alsın”. Başqa biri isə deyir: “Dərsimi oxumamaq üçün verdim ki, evdə deyim kitab yadımdan çıxıb”. Görürük ki, cavablar fərqlidir. İnsan başqasının halına yanırsa, biz onu daha çox insanpərvər biri kimi görürük. Öz halına yanan insanı isə sadəcə öz öhdəliklərini yerinə yetirən biri kimi qəbul edirik”.

 

Psixoloqun sözlərinə görə, “hə” deməzdən əvvəl daxili səsimizi dinləməliyik:

 

 “Nə olursa-olsun, “hə” dedikdə, xüsusilə, məcburiyyətli “hə” üzərində bir az düşünmək, daxili hissimizlə addım atmaq vacibdir. Əgər daxilimizdə “qurban gedirəm” düşüncəsi yaranırsa, məhz bu fərqi hiss etdiyimiz anda, həmin “hə”yə “yox” deməyi bacarmalıyıq”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər