İordaniya İrana etiraz notası verib
İordaniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağıraraq raket hücumları ilə bağlı etiraz notası təqdim edib. Əmman hücumların dərhal dayandırılmasını tələb edib və ölkənin təhlükəsizliyinin “qırmızı xətt” olduğunu bildirib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “İnformator.az” a açıqlamasında bildirib ki, qonşu ölkə olan İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi əlbəttə təəssüf doğurur:
“Xüsusilə, məyus edici haldır ki, İrana zərbələrin bəziləri müsəlman ölkələrindən endirilir və buna qarşılıq verilir. Öncədən də rəsmi Tehran bildirib ki, əgər hər hansı Körfəz ölkəsinin ərazisi və ya infrastrukturu İrana qarşı hərbi əməliyyatlarda istifadə olunarsa, həmin məntəqələr İran Silahlı Qüvvələrinin cavab zərbələri üçün qanuni hədəf hesab ediləcək. Amma nəzərə almaq lazımdır ki, vurulan təkcə ABŞ bazaları deyil, eyni zamanda enerji və kommunikasiya infrastrukturu, mülki obyektlər də hədəfə alınır. Bu da İranın bəzi addımlarına bəraət qazandırmır. Vaşinqton və Tehran arasında böhranın dərinləşməsi Cənubi Qafqaza da təsir göstərir. Qafqazda istənilən Qərb mövcudluğu artıq İranın ABŞ-nin mümkün mühasirə cəhdi kimi qiymətləndirilir. Eyni zamanda, iqtisadi təzyiqlərin yenidən güclənməsi və regional kommunikasiyalar məsələsi İranı narahat edir və onu regionda daha fəal fəaliyyət göstərməyə, özünə qarşı yarana biləcək riskləri neytrallaşdırmağa sövq edir. Müharibənin uzanması yalnız mövcud marşrutlara deyil, gələcək layihələrə də təsir edə bilər. Bunlardan biri ABŞ vasitəsilə dəstəklənən və Azərbaycanı Naxçıvanla birləşdirməyi hədəfləyən “TRIPP” layihəsidir. Bu layihə regionda yeni logistika xətti yarada bilərdi, lakin İran bu təşəbbüsə şübhə ilə yanaşır. Hazırkı vəziyyət Azərbaycan üçün ikili xarakter daşıyır: bir tərəfdən artan tranzit və enerji gəlirləri, digər tərəfdən isə regionu qeyri-müəyyənliyə sürükləyən təhlükəli geosiyasi gərginlik”.
Mələk Hüseynova