İrəvan qazı Azərbaycandanmı alacaq?
Ermənistanın qaz mənbələrini şaxələndirmək niyyəti fonunda Azərbaycan qazının ölkə bazarına çıxarılması məsələsi gündəmə gəlib. Ermənistan tərəfi Azərbaycan da daxil olmaqla müxtəlif mənbələrdən qaz alma ehtimalını nəzərdən keçirir. Lakin hazırda iki ölkə arasında konkret qaz müqaviləsi yoxdur.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında Liberal İqtisadçılar mərkəzinin sədri Akif Nəsirli bildirib ki, İrəvanın Azərbaycandan təbii qaz alması hazırda artıq sadəcə nəzəri məsələ deyil, Ermənistan tərəfinin açıq şəkildə gündəmə gətirdiyi mümkün variantlardan biridir:
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sentyabrın 16-da bildirib ki, Ermənistan qazı mümkün olan bütün mənbələrdən almağa hazırdır və Azərbaycan, Rusiya, İran və Türkiyədən gələcək təchizatı ayrıca istisna etmir. Baş nazir Nikol Paşinyan da sentyabrın 17-də bütün mümkün qaz təchizatçıları ilə danışıqlar aparıldığını bildirib, lakin konkret müqavilə və həcmlər açıqlanmayıb.
Bu baxımdan “İrəvan qazı Azərbaycandan alacaq” demək hələ tezdir. Hazırda konkret Azərbaycan-Ermənistan qaz müqaviləsinin bağlandığı barədə rəsmi məlumat yoxdur”.
Akif Nəsirli əlavə edib ki, üstəlik Ermənistanın Rusiya qazından asılılığı hələ yüksək olaraq qalır.
Sentyabrın 15-25-də Rusiyadan qaz nəqlinin planlı təmirə görə müvəqqəti dayandırılması zamanı Ermənistan ehtiyatlarından və İrandan əlavə qaz idxalından istifadə edir. Amma siyasi və iqtisadi münasibətlərin normallaşması dərinləşdikcə Azərbaycan qazının Ermənistan bazarına çıxması real iqtisadi ssenariyə çevrilə bilər. Bunun üçün əsas məsələ təkcə qazın mövcudluğu deyil, nəql infrastrukturu, qiymət, müqavilənin kommersiya şərtləri və iki ölkə arasında qaz tranzitinin hüquqi mexanizmlərinin formalaşdırılmasıdır.
Akif Nəsirli qeyd edib ki,Ermənistanın qaz şəbəkəsində Azərbaycana birbaşa bağlı, hazırda işlək olmayan boru infrastrukturu mövcuddur.
Beynəlxalq Enerji Agentliyi də Ermənistanın qaz sistemində Azərbaycanla bağlantının olduğunu, lakin bu xəttin işlək olmadığını qeyd edir.
Azərbaycan üçün belə bir satışın iqtisadi əhəmiyyəti ilk növbədə yeni bazarın yaranması ilə bağlıdır. Azərbaycan 2026-cı ilin ilk yarısında 25,4 milyard kubmetr qaz hasil edib, 12,7 milyard kubmetr ixrac edib. Bu ixracın əsas istiqamətləri Avropa, Türkiyə, Gürcüstan və Suriya olub. Ermənistan bazarının əlavə istiqamət kimi açılması Azərbaycanın qaz ixrac coğrafiyasını genişləndirə bilər. Lakin məsələnin iqtisadi nəticəsindən daha böyük əhəmiyyəti siyasi-iqtisadi xarakter daşıyır. Əgər Azərbaycan qazı Ermənistana satılmağa başlasa, iki ölkə arasında münasibətlərdə ilk dəfə enerji sahəsində birbaşa qarşılıqlı iqtisadi bağlılıq yarana bilər. Ermənistan üçün bu, qaz mənbələrinin şaxələndirilməsi, Azərbaycan üçün isə yeni satış bazarı deməkdir. Belə münasibətlər qarşılıqlı maraq yaratdığı üçün siyasi dialoqun iqtisadi dayaqlarını da gücləndirə bilər.
Daha geniş baxanda, qaz məsələsi gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərinin yalnız siyasi və təhlükəsizlik gündəliyindən iqtisadi əməkdaşlıq mərhələsinə keçməsinin göstəricilərindən birinə çevrilə bilər. Qazdan sonra elektrik enerjisi, nəqliyyat, logistika, su və digər sahələrdə də əməkdaşlıq imkanlarının yaranması mümkündür. Bununla belə, bütün bunlar siyasi razılaşmaların, sərhəd və kommunikasiya məsələlərinin həllindən və konkret kommersiya müqavilələrinin bağlanmasından asılıdır.
İqtisadçını sözlərinə görə, hazırkı mərhələdə ən düzgün yanaşma budur.
Azərbaycan qazının Ermənistana satışı mümkündür və Ermənistan tərəfi bunu artıq açıq şəkildə müzakirə edir, amma hələ reallaşmış layihə deyil. Əgər bu baş verərsə, qaz satışı adi enerji ticarətindən daha çox məna daşıya bilər və Azərbaycan-Ermənistan münasibətlərində iqtisadi qarşılıqlı asılılığın ilk mühüm nümunələrindən birinə çevrilə bilər.
Nurgün Qənizadə