“İrəvan Zirvəsi Cənubi Qafqazda yeni reallığın formalaşmasına xidmət edir”- Deputatdan AÇIQLAMA
Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Deputat Azər Allahverənov bildirib ki, Avropa Siyasi Birliyinin səkkizinci Zirvə toplantısının İrəvanda keçirilməsinin bir neçə aspektdən çox vacib əhəmiyyəti var:
“Avropa İttifaqının rəsmiləri də etiraf edirlər ki, bir neçə il bundan əvvəl belə bir Zirvə toplantısının Ermənistanda keçirilməsi ağla belə gətirilə bilməz idi. Ən azından ona görə ki, səkkiz il bundan əvvəl, xüsusilə , 44 günlük Vətən müharibəsinə qədər Ermənistanın siyasi mövqeyi, o cümlədən Ermənistan-Rusiya münasibətləri kontekstində, Avropa İttifaqı üçün qəbuledilməz hesab olunub. Bu səbəbdən də belə bir Zirvə toplantısının Ermənistanda keçirilməsi mümkünsüz görünüb.
Amma 44 günlük Vətən müharibəsindən sonra tamamilə yeni bir reallıq yaranıb. Bu reallığın əsasını Azərbaycanın bölgədə dayanıqlı sülhün təmin olunması üçün yaratdığı əlverişli şərait təşkil edir. Azərbaycan zəfər qazanaraq torpaqlarını işğaldan azad edib, separatçılığa son qoyubvə bununla da Ermənistan üçün yeni imkanlar yaranıb. Xüsusilə, Rusiya asılılığından qurtulmaq və daha suveren siyasət yürütmək istiqamətində addımlar atmağa başlayıb. Bu isə Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirilib.
Artıq bir neçə ildir ki, Ermənistan, xüsusilə, 2025-ci ilin fevral ayından etibarən, Avropaya inteqrasiyanı təmin edə biləcək bir yanaşma sərgiləyir. Bununla bağlı Paşinyan mühüm bir sənəd də imzalayıb ki, məqsəd Avropa inteqrasiyasını sürətləndirməkdir. Bu da onu göstərir ki, əvvəlki illərlə müqayisədə Rusiya artıq Ermənistanın xarici siyasət kursuna əvvəlki kimi sərt təsir göstərə bilmir”.
Əlavə olaraq Azər Allahverənov bildirib ki, məhz bu səbəbdən Avropa İttifaqı Zirvə toplantısının Ermənistanda keçirilməsi barədə qərar verib və bu qərar, şübhəsiz ki, Azərbaycanla da razılaşdırılıb:
“Azərbaycan bu məsələdə öz mövqeyini açıqlayıb. Cənab Prezidentin Zirvə toplantısına video bağlantı zamanı etdiyi çıxışda da bu məsələyə xüsusi diqqət yetirilib və bildirilib ki, Avropa İttifaqının Cənubi Qafqaz bölgəsinə münasibəti balanslaşdırılan olmalıdır.
Bu baxımdan, 2028-ci ildə də Avropa Siyasi Birliyinin toplantısının keçirilməsi ilə bağlı müsbət qərarın verilməsi mühüm əhəmiyyət daşıyır. Ermənistan da bu qərara müsbət yanaşma nümayiş etdirib. Nəticə etibarilə, bu hadisə Cənubi Qafqaz üçün ciddi geosiyasi əhəmiyyət kəsb edir. Belə mötəbər platforma siyasi dialoqun genişləndirilməsi üçün vacibdir və düşünürəm ki, Avropa İttifaqının bu prosesə töhfə vermək əzmi daha da güclənəcək.
Müəyyən mənada qeyd etmək olar ki, bu gün Avropa Siyasi Birliyinin istər səkkizinci, istərsə də əvvəlki Zirvə toplantılarında Azərbaycan-Ermənistan münasibətləri daim gündəlikdə olan məsələlərdən biri olub. Sadəcə olaraq, mövcud reallıq fərqlidir. Yeddinci Zirvə toplantısı zamanı münasibətlər 8 avqust 2025-ci il Vaşinqton razılaşmalarından əvvəlki mərhələdə idi. Həmin dövrdə sülh prosesi Azərbaycanın müəyyən etdiyi prinsiplərə əsaslanıb.
Düzdür, 2025-ci ilin mart ayında iki dövlət arasında imzalanması nəzərdə tutulan sülh sənədinin 17 bəndinin hamısı razılaşdırılıb. Lakin əsas məsələ onun paraflanması idi ki, bu da məhz avqustun 8-də Vaşinqtonda baş verib.
Bu gün isə səkkizinci Zirvə toplantısı fərqli siyasi şəraitdə keçirilir. Sülh quruculuğu prosesi kifayət qədər intensiv şəkildə davam edir. Azərbaycanın açdığı kommunikasiyalar sayəsində Ermənistan yanacaqla təmin olunur. Azərbaycandan göndərilən neft məhsulları - dizel və benzin vasitəsilə Ermənistanın nəqliyyat sistemi təmin edilir”.
Həmçinin Deputat bildirib ki, digər tərəfdən, Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınması həyata keçirilir:
“Bu, Rusiya və Qazaxıstana məxsus məhsulların daşınmasıdır və Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Kommunikasiyaların açılması və enerji təchizatının təmin olunması Avropa İttifaqı rəsmiləri müsbət qarşılayır və bu da təbii olaraq səkkizinci Zirvə toplantısının gündəliyinə təsir edir.
Eyni zamanda, bu platformada bəzi qüvvələr də mövcuddur ki, müxtəlif vasitələrlə sülh prosesinə mane olmağa çalışırlar. Xüsusilə, Avropa Parlamentinin fəaliyyəti bu baxımdan açıq şəkildə müşahidə olunur. Lakin hesab edirəm ki, Avropa İttifaqı rəhbərlərinin intensiv təmasları bu cəhdləri neytrallaşdıra bilər.
Zirvə toplantısında iştirak edən dövlət başçıları arasında Azərbaycanın strateji tərəfdaşları da var. Bu isə bütövlükdə Cənubi Qafqazda Azərbaycanın yaratdığı sülh mühitinin dəstəklənməsinə və möhkəmləndirilməsinə xidmət edə bilər. Məhz bu platforma üzərindən veriləcək mesajlar Azərbaycan-Ermənistan münasibətlərində, xüsusilə də sülh quruculuğu prosesində mühüm rol oynaya bilər”.
Səadət Əlizadə